Gəncədə cari ildə orta məktəbi bitirən məzunların 92 faizi attestat alacaq. Bu barədə məlumatı Modern.az-a Gəncə şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynov verib. Onun sözlərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən buraxılış imtahanlarının nəticələrinə görə, şəhərdə orta məktəbi bitirən məzunların 92 faizi məqbul qiymət alıb, onlara attestat veriləcək.
Z.Hüseynovun sözlərinə görə, bu il Gəncədə orta məktəbi 2512 nəfər bitirib. Keçirilən buraxılış imtahanlarında onların 2311 nəfəri uğur qazanaraq attestat almağa layiq bilinib. Yerdə qalan 201 nəfər isə attestatsız qalacaq. Z.Hüseynov həmçinin bildirib ki, bu il şəhərdə 9-cu sinifi bitirən 3564 şagird arasında keçirilən imtahanlarda 3136 nəfər, yəni 88 faiz şagird məqbul nəticə əldə edib. İmtahan verənlərdən 428 nəfəri isə imtahandan qeyri-məqbulla çıxıb.
Modern.az