Modern.az

Xiyaban sakinləri... - FOTOLAR

Xiyaban sakinləri... - FOTOLAR

23 İyun 2012, 13:25

II Fəxri Xiyabanı ziyarət edərkən Azərbaycanın ictimai, siyasi, sosial həyatında imzaları olan bu şəxslərin mərmər və qranit daşlara həkk edilmiş soyuq baxışlarını üzərimdən heç cürə yayındıra bilmədikdə həyat və ölüm arasında qısa bir dialoqun iştirakçısına çevrildim. Yadıma bir məsəl düşdü: “Biri var ki, öləndə desinlər: “öldü getdi”, biri də var ki, desinlər: “öldü, eldən getdi”. Bəzi Xiyaban sakinlərinin adını oxuyub da xatırlamadıqda isə qərara gəldim ki, bu yazını hazırlayıb oxucularımızla bölüşüm. Dünyasını dəyişənləri bir daha xatırladaq.   

Fuad Feyzulla oğlu Qasımzadə 

1929-cu ildə Bakı şəhərində anadan olub. 1937-ci ildə Bakı şəhərinin 4 saylı məktəbinə daxil olub, 1947-ci ildə Bakının 1 saylı oğlan orta məktəbini bitirib. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə qəbul edilib və 1952-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Elə həmin il universitet Elmi Şurasının qərarı ilə fəlsəfə ixtisası üzrə aspiranturada saxlanılıb. Aspirantlığının ikinci ilində dissertasiyasını müdafiəyə təqdim edib. 60 il ərzində o Azərbaycan Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib. Fuad Qasımzadə 1989-cu ildə AMEA-nın müxbir üzvü və 2001-ci ildə həqiqi üzvü seçilib. Akademik Fuad Qasımzadə uzun müddət Bakı Dövlət Universitetində müdafiə şuralarının üzvü və sədri kimi fəaliyyət göstərib. Çox sayda aspirant və dissertantların elmi rəhbəri kimi onların alimlik dərəcəsi almasına yardımçı olub. F.Qasımzadə BDU-nun texniki fakültələr üzrə fəlsəfə kafedrasının müdiri işləyib. Elmi yaradıcılığı dövründə 30 kitabın və 500-dən çox elmi məqalə çap etdirib. F.Qasımzadənin əsas tədqiqat sahəsi Azərbaycan fəlsəfə ictimai fikri, sosial fəlsəfə, ontologiya və idrak nəzəriyyəsi, estetika olub. F.Qasımzadənin çoxillik elmi və pedaqoji fəaliyyəti daim yüksək qiymətləndirilib, müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib. 3 avqust 2010-cu ildə Bakı şəhərində ağır xəstəlikdən sonra vəfat edib.

 

Sərvər Soltan oğlu Qəniyev   1937-ci ildə Bakıda anadan olub. Konservatoriya nəzdindəki onillik musiqi məktəbini skripka aləti üzrə bitirdikdən sonra Çaykovski adına Moskva Dövlət Konservatoriyasına skripka ustası Sıqanovun sinfinə daxil olub. Aspirantura təhsilini başa vurandan sonra Bakıya qayıdıb, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışıb. SSRİ-nin bir çox şəhərlərində geniş konsert proqramları ilə çıxış edib. Azərbaycan bəstəkarlarının bir sıra yeni əsərlərinin ilk ifaçısı olub. 1993-cü ildən Türkiyədə işləyib. Ankara şəhərindəki Bilkənd Universitetində skripka üzrə müəllim, Akademik Kamera Orkestrinin dirijoru və Beynəlxalq Akademik Böyük Simfonik Orkestrin solisti olub. Türkiyənin Bilkənd Universitetinin professoru, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, Xalq artisti Sərvər Qəniyev ömrünün 73-cü ilində Ankarada vəfat edib.  

 

 

Qılman İsabala oğlu Musayev (Qılman İlkin) Bakının Mərdəkan kəndində anadan olub. 1932-ci ildə daxil olduğu indiki Pedaqoji Universitetin dil-ədəbiyyat fakültəsini 1936-cı ildə bitirib, indiki Bakı Dövlət Universitetində baş müəllim işləyib, “Azərbaycan” jurnalının baş redaktoru, “Uşaqgəncnəşr”, “Azərnəşr” nəşriyyatlarının direktoru (1966-1971) olub. Xidmətlərinə görə “Qırmızı əmək bayrağı”, “İkinci dərəcəli Böyük Vətən müharibəsi” ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və medallarla təltif olunub. Qafqaz xalqları Ali Dini Şurasının “Paklıq” mükafatına layiq görülüb.    

 

 

 

 

 

Elza İmaməddin qızı İbrahimova 

Azərbaycanlı bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi. Azərbaycanın və Dağıstanın xalq artisti.  1938-ci ildə Hacıqabul şəhərində anadan olub. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının  bəstəkarlıq şöbəsini bitirib. Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, “Afət”, “Şeyx Şamil” və “Yanan laylalar” operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir. 1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına layiq görülüb. Uzun sürən xəstəlikdən sonra 11 fevral 2012-ci ildə 74 yaşında vəfat edib.

 

Hacıağa Mütəllib oğlu Abbasov

Aktyor, teatr təşkilatçısı və rəhbəri, ictimai xadim. 16 iyun 1888-ci ildə Bakının Maştağa kəndində müəllim ailəsində doğulub. İbtidai təhsilini doğulduğu kəndindəki rus-tatar (rus-türk) məktəbində alıb və sonra Bakıda oxuyub. 1906-1909-cu illərdə Petrovsk-Portda (indiki Mahaçqala) pedaqoji təhsilə yiyələnib. Burada oxuyarkən azərbaycanlılardan ibarət teatr dəstəsi yaradıb və həmin truppa ilə Teymurxanşurada (sonra Bunyaksk adlandırıldı) teatr açıb. Təhsilini başa vurduqdan sonra müəllim diplomu ilə Bakıya qayıdıb. Balaxanı kəndində Mirzə Ələkbər Sabirlə birlikdə uşaqlara dərs deyib. Eyni zamanda “Müsəlman artistləri cəmiyyəti”nin, “Nicat”, “Həmiyyət” teatr truppalarının fəal üzvü olub. Sonralar “Səfa” cəmiyyətinin teatr truppasında, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti”ndə aktyorluq edib. 1925-ci ildə Hacıağa Abbasov Akademik teatra direktor təyin olunub. Bakı Teatr Məktəbində direktor işləyib (1929-1937). Repressiya illərində təqib olunduğuna görə bir müddət Orta Asiya respublikalarında yaşayıb. Hacıağa Abbasov 7 may 1975-ci ildə, 87 yaşında Bakıda dünyasını dəyişib və doğma kəndində torpağa tapşırılıb.

 

Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli

Bəstəkar, dirijor, librettoçu, Azərbaycanın xalq artisti. 19 aprel 1907-ci anadan olub. Bakı Teatr Texnukumunda, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, Leninqrad Konservatoriyasının nəzdindəki musiqi məktəbində təhsil alıb. Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq etmişdir. İlk Azərbaycan baletinin – “Qız qalası”nın (1940), “Nizami”, “Söyüdlər ağlamaz” operalarının, simfonik poema və təntənəli marşın müəllifidir. Bir çox dram tamaşalarına musiqi bəstələyib. (“Hacı Qara”, “1905-ci ildə”, “Fərhad və Şirin” və s.). Ali Pedaqoji İnstitutun nəzdindəki məktəbdə, .20 yaşında Cəfər Cabbarlının “Od gəlini” pyesinə yazdığı musiqi sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib. Xeyli müddət Moskva və Leninqrad opera və balet teatrlarında dirijor assistenti kimi fəaliyyət göstərib. 1938-ci ildən ömrünün sоnunadək Opera və Balet Teatrında dirijоr işləyib. Uzun illər boyu “Elm və həyat” jurnalının, “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiya heyətinin üzvü olan Ə.Bədəlbəyli mətbuat orqanlarının səhifələrində resenziyalar, tənqidi və problematik məqalələr çap etdirib. 1976-cı il yanvar ayının 9-da vəfat edib.

 

Leyla Ələsgər qızı Məmmədbəyova

1909-cu ildə Bakıda anadan olub. Qafqazda, Cənubi Avropa və Yaxın Şərqdə ilk təyyarəçi qadın olub. O, təyyarəçi kimi peşəkar təhsilini Bakı aviaklubunda alıb. İlk uçuşunu 1931-ci ildə gerçəkləşdirib. 1932-ci ildə təhsilini Tuşinski yay məktəbində davam etdirib. 17 mart 1933-cü ildə isə  Leyla Məmmədbəyova U-2 təyyarəsinin bortuntan paraşütlə tullanaraq rusiyalı rəqibindən geri qalaraq Sovetlər Birliyinin ikincisi olub. 1941-ci ildə isə Qafqaz ölkələri içində paraşütlə tullanmaq üzrə birinciliyi əldə edib. 1941-ci ildən “mayor” hərbi rütbəsi ilə Bakı aviaklubunda kadr hazırlığı ilə məşğul olub. Böyük Vətən müharibəsində 4 azyaşlı uşaq anası kimi onun müharibədə iştirakına qadağa qoyulub. Ümumilikdə 6 uşaq anası olub. O, müharibə zamanın 4 min paraşütçü və yüzlərlə desant  yetişdirib. 1949-cu ildə sonuncu uçuşunu həyata keçirib. 1989-cu ildə Bakıda vəfat edib.

  Elçin Ağayev         
   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi