Komitə sədri bildirir ki, qanunvericilikdəki anlaşılmazlıq texniki zəifliklə bağlıdır
Azərbaycanda rəsmi qurumlar hazırladıqları bəzi sənədlərdə dövlət dilinin tələblərinə ciddi şəkildə etmir, ya da bu sahədə bir sıra dil xətalarına yol verirlər. Bəziləri də bu sırada Milli Məclis tərəfindən hazırlanan qanun layihələrinin olduğunu da iddia edirlər. Deyirlər ki, hətta bu qanun layihələri o qədər qəliz şəkildə təqdim edilir ki, bəzi millət vəkilləri belə mətni oxuyub anlaya bilmirlər.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, professor Nizami Cəfərov Modern.az-a açıqlamasında bildirib: “Qanunların hamısı Azərbaycan dilindədir və hər kəs üçün anlaşılandır. Amma kimsə bu qanunları anlamırsa deməli, problem onun qanunvericiliyin texnikasını zəif bilməsindədir. Bir də elə adamlar da var ki, onlar rus dilində təhsil alıblar və ana dilini tam olaraq anlaya bilmirlər. Doğrudur, ola bilər ki, qanunların dilində çətinlik və dolaşıqlıq olsun. O zaman sən o qanunvericiliyi öyrənməklə yanaşı o səhvləri də düzəltməyə kömək etməlisən. Kömək etmək istəyən şəxslər də öz təkliflərini yazılı şəkildə təqdim etməlidir”.
Deputat bu problemin kökünün ancaq və ancaq qanunvericiliyi zəif bilməkdə, ya da ki, heç bilməmək də gördüyünü qeyd etdi: “Dili kifayət qədər yaxşı bilməyimə baxmayaraq, qanunvericilikdə, tutalım, Seçki Məcəlləsində, yaxud Cinayət Məcəlləsində elə bir ifadə forması işlənə birlər ki, mən onu başa düşmərəm. Belə halda hüquqşünaslara, bu sahənin mütəxəssislərinə müraciət edib öyrənməyə çalışaram. Bəzən düşünürəm ki, hər şeyi bilirəm, amma dediyim hallarda anlayıram ki, bir az da oxumaq lazımdır“.
N. Cəfərov qanunların beynəlxalq səviyyədə olduğu üçün tərcümə ediləndə də bir az ağırlaşa və çətin anlaşılan ola biləcəyini də istisna etmədiyini vurğuladı: “İndi qanunvericilik texnikası ümumiləşib. Mövcud olan qanunlardan istifadə edirik və lazım olanda da hər hansı təkliflə çıxış etmək olar. Ona görə də bizə müəyyən təcrübələr, müəyyən istifadə texnikası gəlir ki, ya ingilis, ya da rus dilinin təcrübəsinə uyğundur. O zaman da biz çalışırıq o qanunu mümkün qədər milliləşdirək və ana dilin texnikasına uyğunlaşdıraq. Əvvəlki illərə baxanda indi Milli Məclisdə bu sahədə daha çox gənclər və təcrübəli insanlar çalışır. Amma hər halda hər bir dilin öz imkanları var. Ona görə də çalışmaq lazımdır ki, hər kəsin anlayacağı bir ortaq məxrəcə gəlsinlər”.
Könül Səid