“Onu Azərbaycanda heç kim öldürə bilməzdi”
Keçmiş dövlət müşaviri Vəfa Quluzadə Türkiyə Cumhuriyyətinin səkkizinci prezidenti Turqut Özalın ölümünə səbəb olan zəhərlənməyə dair iddialar barədə Modern.az-a açıqlama verib. V.Quluzadə qeyd edib ki, eks-prezident Turqut Özalın Azərbaycanda zəhərlənməsi barədə deyilənlər təxribatdır.
“Azərbaycan heç vaxt Turqut Özala sui-qəsd edə bilməzdi. Əbülfəz Elçibəy Özalı Bakıda böyük təmtəraqla qarşıladı. Azərbaycanda ona böyük sevgi var idi. Söhbət ondan gedir ki, xarici ölkələrin kəşfiyyatları Turqut Özalın Azərbaycanda olmasından istifadə edib, guya zəhərləyiblər. Amma bu iddia hələ ki isbat olunmayıb. Məsələnin dəqiqliyinə varmaq üçün gərək analizlər aparılsın”,-deyə V.Quluzadə bildirib.
Turqut Özalın Azərbaycanda rus kəşfiyyatı tərəfindən öldürülməsi məsələsinə toxunan V.Quluzadə bu haqda konkret kimisə ittiham etmək istəmədiyini deyib. Keçmiş dövlət müşavirinin sözlərinə görə, T.Özalı zəhərləyərək öldürməyiblər:
“Baxmayaraq ki, hər dəfə mən Rusiyanı tənqid edirəm, amma Turqut Özalın ölümündə onları ittiham edə bilmərəm. Ortada dəqiq fakt olmayandan sonra kimisə günahlandırmaq düzgün deyil. Ona görə mən şəxsən dərindən inanmıram ki, Turqut Özalı kimsə zəhərləyib öldürüb.
Turqut Özal Türkiyənin prezidenti olaraq dünyanı başdan-ayağa dəyişdirməyə qadir deyildi. Onun sadəcə gözəl təşəbbüsləri var idi. Türk dövlətlərinin Sammiti məhz onun təşəbbüsü idi. O zaman belə bir fikir ola bilməzdi ki, Turqut Özal türk dövlətlərini biraraya yığıb lider olsun. Mən hesab edirəm ki, onun ölümü tam təbiidir”.
V.Quluzadə keçmiş prezidentin ölümü haqda 20 ildən sonra gözlənilməz xəbərin yayılmasını daxili təxribat hesab edir. Politoloq həmçinin ona qarşı sui-qəsdin yanlız Türkiyədə ola biləcəyini ehtimal edib
“Təsəvvür edin, onun ölümü ilə bağlı yoldaşının evinə məktub göndərilib. Həmin məktubda Turqut Özalın zəhərlənməsi bildirilib. Bunun hamısı Türkiyədə daxili intiriqalara işarə edir. Primitiv bir məsələdir. Hansı kəşfiyyat ola bilər ki, sui-qəsd eləsin, sonra da özünü ifşa etsin. Əgər Turqut Özal zəhərlənibsə də, bunu daxili qüvvələr edib. Heç kim bilə bilməz ki, onu Türkiyədə, yoxsa Azərbaycanda zəhərləyiblər. Azərbaycan haqda deyilənlərin hamısı şayiədir”-deyə Quluzadə vurğulayıb.
Qeyd edək ki, Türkiyənin səkkizinci prezidenti Turqut Özal 1993-cü ilin aprelin 17-də dünyasını dəyişib.
Anar RÜSTƏMOV