Modern.az

Milli Məclisin komitə sədri şadlıq evlərinin sahiblərinə müraciət edib

Milli Məclisin komitə sədri şadlıq evlərinin sahiblərinə müraciət edib

Parlament

25 İyun 2012, 13:39

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda fəaliyyət göstərən restoran və şadlıq evlərinin rəhbərlərinə müraciət edib. Bu barədə Modern.az saytına H.Rəcəbli özü məlumat verib.

Komitə sədri müraciətini belə əsaslandırıb: “İyul ayının 10-dan Ramazan ayı başlayır. Bu zaman isə ölkədə toy olmayacaq. Təbii ki, həmin müddətdə restoranlar öz fəaliyyətini müvəqqəti dayandıracaqlar. Mən dəfələrlə məsələ qaldırmışam, elə indi də arada yaranan fasilədən istifadə edərək, bir daha resroran sahiblərinə müraciət edirəm və xahiş edirəm ki, mənim bu çağırışıma diqqətlə yanaşsınlar”.

Millət vəkili müraciətində bildirib ki, Azərbaycanda toy mədəniyyəti yavaş-yavaş unudulmaqdadır.
“Eyni zamanda ölkədə fəaliyyət göstərən şadlıq evlərində israfçılıq baş alıb gedir. Həm də akustika məsələsi ciddi problem olaraq qalır. Bu gün hər kəs təsdiqləyir ki, toylarda dincəlmək, istirahət etmək mümkün deyil. Bu isə hər birimizin ürək ağrısı ilə qarşıladığımız bir məsələdir. Buna görə də restoran sahibləri - sizdən acizanə şəkildə xahiş edirəm ki, bu bir ay müddətində akustika məsələsində ciddi irəliləyiş əldə edəsiniz, yeniliklər tətbiq edəsiniz. Eyni zamanda bu israfçılıq məsələsini götür-qoy edəsiniz. Bu məsələni müzakirə edib, həll edəsiniz. Elə edəsiniz ki, Ramazan ayından sonra toylarımızda yeni bir forma yaransın, yəni özümüzə qayıdaq, toy mədəniyyətimiz özümüzə qayıtsın”- deyə Hadi Rəcəbli müraciətində vurğulayıb. 

Sevinc İltifatqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım