“Fəlsəfi olaraq sayğac problemimiz yoxdur”
Bu gün Lent.az saytının 4 yaşı tamam olur. Saytın baş redaktoru Qabil Abbasoğlunun müsahibəsini Modern.az oxucularına təqdim edirik.
– Bu gün elektron mediada Lent.az-ın yerini necə görürsünüz?
– Lent.az yarandığı dövrdən elektron mediada ilk yerlərdən birini tutdu. İndi də üstün yerini qoruyub saxlayır. Azərbaycan internet mediasının tarixində stabil inkişafı, təşkilatlanması, yenilikləri və layihə yaradıcılığı istiqamətində Lent.az xüsusi bir inkişaf yolu keçmiş bir müəssisədir. Bu gün saytın 4 yaşının tamam olması təkcə kollektivin deyil, həm də onun oxucularının, Azərbaycan internet media oxucularının bayramı hesab olunur. Ona görə də ömründə ən azı bir dəfə Lent.az-ı “tıklamış” oxucunu təbrik edirəm.
– Əvvəlki illərlə müqayisədə hazırda saytın oxunma sayı necədir?
– Əlbəttə, nəinki ilbəbil, aybayay, hətta günlərlə müşahidə göstərir ki, Lent.az-ın istifadəçilərinin sayı artmaqdadır. Bu, ilk növbədə, kollektivin yaradıcılıq potensialının və imkanlarının nəticəsidirsə, başqa tərəfdən də Azərbaycanda internet media istifadəçilərinin sayının genişlənməsi ilə bağlıdır. İnternet mediadan istifadə etmək üçün ilk növbədə, internetə girişin texnoloji tərəfin həll olunması lazımdır. Ötən illərki çətinliklər sırasında ilk yerdə duran əsas məsələlərdən biri ölkədə kompüterləşmə işinin getməsi, internetin sürətinin, digər texniki göstəricilərin yerində olması, internet qiymətlərinin daha əlçatan olması idi. Məncə, ötən 4 il ərzində bu sahədə də xeyli müsbət dəyişikliklər olub. Texnoloji istiqamətin müsbət həlli oxuculara Lent.az-a daha asan çatmaq, yetişmək üçün imkan yaradıb. Ona görə də bu illərdə oxucu artımın səbəbləri sırasında yaradıcı istiqamətdəki yeniliklərlə, uğurlarla bağlı həm də texnoloji istiqamətindəki yeniliklərin rolu var.
– Elektron mediada rəqabətə tab gətirə bilirsinizmi?
– İddia göstərmək məqsədi ilə demirəm, düşüncəm və müşahidələrimiz budur ki, biz kimləsə rəqabətə davam gətirmək düşüncəsində işləmirik. Zənn edirəm ki, media sırasına qoşulan yeni informasiya vasitələri bizimlə rəqabətin şərtlərini müzakirə, götür-qoy etməlidirlər, çünki bu sahədə ilklərdən biriyik. Öz sahəmizdə formatımıza, fəaliyyət sferasına, formalarına görə, Lent.az-la uğurlu rəqabət göstərən digər internet media nümunəsi hələ ki, görmürük. Söhbət redaksiya, layihə yaradıcılığından gedir. Bu istiqamətdə zənn edirəm ki, Azərbaycan internet məkanında saytımızın ayrıca yeri var. Amma bütövlükdə, xəbər məkanında internet mediada ötən ildən indiyə kimi ciddi irəliləyiş var. Bu bizi sevindirir, hətta rəqiblərin belə meydana çıxması bizi sevindirir, çünki fəaliyyət üçün yeni istiqamətlər yaranır. Fəaliyyətin yeni şərtlərini qəbul edirik. Çalışırıq ki, bazardakı üstün, fərqli yerimizi qoruyub saxlayaq.
– Saytda sayğac niyə gizlənir?
– Fəlsəfi olaraq sayğac problemimiz yoxdur. Artıq bizdə o mərhələ arxada qalıb. Sayğac gizlədilmir. İstənilən vaxt “google-analitik” deyilən mənbədə Lent.az-n göstəricilərini əldə etmək asandır. Bütün reklam verənlər, istifadəçilər istənilən vaxt ora daxil olub, saytın göstəricilərini götürə bilərlər. Amma saytda sayğac tamamilə götürülməyib. İndiki danışdığım saniyələrdə xətdə 1576 oxucumuz var. Sayğacın bu hissəsi saytda hər zaman görünür. Digər göstəriciləri isə heç kimdən gizlətmirik. Belə bir məqsədimiz yoxdur. Heç buna imkanımız yoxdur. Bütün bunlarla bərabər, o rəqəmlərin ötən illərlə müqayisədə elə ciddi əhəmiyyəti olmasa da, onu deyim ki, o rəqəmlər bu 4 il ərzində inanılmaz şəkildə, inanılmaz dərəcədə dəyişib. Hazırda saytın sutkalıq oxucuları 30 mindir. Hazırda istifadəçi baxımından saytın problemi yoxdur. Lent.az-ın qarşısında duran məqsədlər içərisində keyfiyyəti daha da artırmaq, daha yeni layihələr meydana çıxarmaq, daha da genişlənmək, format və texnoloji göstəriciləri yüksəltmək, peşəkarlıq istiqamətində daha yeni üfüqlərə çatmaqdır. Məqsəd budur, rəqəmlərin o qədər də əhəmiyyəti yoxdur.
– Oxucuları hansı yeniliklər gözləyir?
– Yeniliklər çoxdur. Amma bunların hamısı qarşıdakı günlərdə oxuculara təqdim olunacaq. Oxucuların hər biri bunu görə biləcəklər. İndidən heç nəyi elan etmək istəmirəm. Yalnız niyyətimizi deyirəm ki, daha çox oxucu və oxucular içərisində sayta daha bağlı bir kütlə, saytı dostu, ciddi etibarlı mənbə hesab edən oxucular kütləsini formalaşdırmaqdır. Zənnimcə, bunun bir hissəsini artıq etmişik.
– Sizcə, Lent.az 100 yaşında necə olacaq?
– Lent.az-ın 100 yaşı olanda, mənim 139 yaşım olacaq. Əgər o günü görsəm, yəqin ki, sizə də müsahibə verəcəyəm. Çox arzu edirəm ki, həmin günü görsək də, görməsək də Lent.az bir nömrəli, onun oxucuları ən sadiq oxucular, heyəti hər zaman peşəkar və səmimi olsun. Biz o illər üçün yalnız arzularımızı deyə bilərik.
Modern.az olaraq Sizin timsalınızda Lent.az-ın bütün kollektivini və oxucularını təbrik edirik. Fəlsəfi olaraq 100 il sonra sizdən müsahibə almaq ümidi ilə rəhbərlik etdiyiniz yaradıcı heyətə uğurlar diləyirik!
Nihadə Eyyubova