İyunun 25-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci il buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev mərasimdə çıxış edib.
Modern.az AzTV-yə istinadən bildirir ki, Ali Baş Komandan hazırda Azərbaycan ordusunun təkcə bölgənin deyil, bütün dünyanın güclü ordularından biri olduğunu vurğulayıb.
“Mən çox şadam ki, ordumuzun döyüş qabiliyyəti də artır”, - deyən Ali Baş Komandan Azərbaycanda peşəkar ordu yaradıldığını vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan dövləti hərbçilərin məişət problemlərinin həlli üçün də lazımi addımlar atır, hərbçilərin əmək haqları artırılır, onlar yeni mənzillərlə təmin olunurlar.
“Bir sözlə, orduya diqqət Azərbaycan dövlətinin prioritetidir. Bizim ordumuz bizim qürurumuzdur”- deyən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan daim beynəlxalq hüquqa əsaslandığını və bu hüquq normalarının da ölkəmizin mövqeyini dəstəklədiyini bildirib. Dövlət başçısı qeyd edib ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və beynəlxalq hüquq baxımından Azərbaycanın mövqeləri çox möhkəmdir.
”Biz hərbi potensialımızın gücləndirilməsini uğurla aparırıq” - deyən Ali Baş Komandan onu da diqqətə çatdırıb ki, güclü Azərbaycan Ordusu hazırda bölgədə sabitləşdirici rol oynayır. Prezident İlham Əliyev bundan sonra da Azərbaycan ordusunun güclənmə prosesinin davam etdiriləcəyini, ordumuzun peşəkarlığının daha da artırılacağını vurğulayıb. Dövlət başçısı deyib ki, ölkəmizin gücü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində əsas vasitədir.
İlham Əliyev deyib: “Bizim bütün imkanlarımız var ki, ərazi bütövlüyümüzü bərpa edək. Cəbhə xəttində baş verən son hadisələr bunu bir daha göstərdi. Ermənistanın bütün təxribatlarının qarşısı alındı, işğalçı qüvvələr layiqli cavablarını aldılar və Azərbaycan əsgəri, zabiti öz qəhrəmanlığını göstərdi, işğalçını yerinə oturtdu.
Əminəm ki, artıq dünya birliyi və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ölkələr də daha çox dərk edirlər ki, Ermənistan Azərbaycanın qarşısında dayana bilməyəcək. Növbəti illərdə ölkəmiz daha da güclənəcək”.
Növbəti illərdə ölkəmizin daha da güclənəcəyini deyən Prezident İlham Əliyev Azərbaycan əsgərinin Vətənə ürəkdən bağlılığının respublikamızın bayrağının Şuşada, Xankəndində, Dağlıq Qarabağda dalğalanmasını şərtləndirən əsas amil olduğuna əminliyini ifadə edib.
Modern.az