Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun 20 illik mühacirət həyatından sonra vətənə qayıtmasını təmin edən qanun ölkə başçısının sərəncamı ilə öz təsdiqini tapıb. Qanunun tələbinə əsasən sabiq dövlət başçısının üzərində olan cinayət işinə xitam verilərək onun Azərbaycana dönməsinə rəsmi şəkildə icazə verilib.
Ayaz Mütəllibovun Azərbaycanın rəhbərliyindən getməsindən sonra onun tabeliyində olan məmurların həbs edilməsi və onların sonrakı taleyi yenidən məsələni gündəmə gətirib.
Modern.az Ayaz Mütəllibov hakimiyyətindən sonra həbs olunan məmurların və keçmiş Mütəllibov tərəfdarlarının taleyi ilə maraqlanıb.
Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə məsələ ilə bağlı Modern.az-a açıqlamasında bildib ki, həbsdə olan Mütəllibov tərəfdarlarının demək olar ki, hamısı azadlığa buraxılıb.
“Demək olar ki, o zaman həbs edilənlərin hamısı artıq azadlığa buraxılıb. Ölkə başçısının göstərişi ilə zaman-zaman həmin insanlar sərbəst buraxılıblar. İndi həbsdə olan yoxdur”, - deyə A.Əlizadə vurğulayıb.
Qeyd edək ki, Ayaz Mütəllibov prezidentlik səlahiyyətlərindən istefa verdikdən sonra onun tərəfdarlarından bir qismi həbs edilmişdi.
Anar RÜSTƏMOV