Ali məktəbin məzunları arasında nazirlər də var
Modern.az ali məktəblərimizin bu günə kimi yetişdirdikləri və hazırda vəzifədə olan şəxslər haqqında yazılarını davam etdirir. Budəfəki təqdimatda Azərbaycan Dillər Universitetindən məzunu olmuş “vəzifəlilər”dir.
Universitetin tədris işləri şöbəsinin müdiri Natiq Yusifovun sözlərinə görə, bu ali təhsil ocağının məzunları arasında səfirdən tutmuş nazir vəzifəsinə yüksələn tələbələr var:
“Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri, birinci dərəcəli dövlət müşaviri Novruz Məmmədov universitetimizin yetirməsidir. 1964-cü ilin məzunu olmuş Novruz Məmmədov hətta 1993-1997-ci illərdə isə universitetin fransız dili fakültəsinin dekanı vəzifəsində işləyib”.
Azərbaycan Respublikasının İtaliyada fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov da Azərbaycan Dillər Universitetinin tələbəsi olub.
İngiltərədəki səfirimiz Fəxrəddin Qurbanov da universitetin məzunudur. Azərbaycanın Malayziyadakı səfiri Tahir Kərimov, Hindistandakı fövqəladə və səlahiyyətli səfirimiz Tamerlan Qarayev və ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov da vaxtilə Dillər Universitetində oxuyublar. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, gənclər və idman naziri Azad Rəhimov da Azərbaycan Dillər Universitetini bitirən vəzifəlilər sırasındadır.
Gültəkin Ələsgər