Hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən xanım deputatlar, Məlahət İbrahimqızı və Sevinc Hüseynova Konrad Adenaur Fondunun dəvət və təşkilatçılığı ilə Almaniyaya səfər ediblər. Bu barədə Modern.az saytına məlumat verən YAP-ın Siyasi Şurasının üzvü və YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bildirib ki, səfərdə Cənubi Qafqaz ölkələrinin iqtidar partiyalarının xanım təmsilçiləri iştirak edirlər.
Millət vəkili səfər zamanı keçirdikləri görüşləri yüksək qiymətləndirib. M.İbrahimqızı qeyd edib ki, xanım deputatların ilk göruşləri Alman Bundestaqının Beynəlxalq məsələlər Komissiyasının və AB-nin üzvü Karl Georgi Velmanla olub. Görüşdə erməni deputatlar da iştirak ediblər.
YAP-çı millət vəkili vurğulayıb ki, görüş zamanı Velman Almaniyanın və eləcə də Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə əlaqələrinin və sıx əməkdaşlığın vacibliyindən, xüsusilə Avropanın enerji təhlükəsizliyində Azərbaycanla əməkdaşlığın əhəmiyyətindən danışıb.
Deputatın sözlərinə görə, alman deputat Cənubi Qafqazın gələcək inkişafında, regionda mövcud olan konfliktlərin həllində qadınların rolundan danışaraq işğal olunmuş torpaqlardan Ermənistan ordusunun çıxmasının əsas şərt olduğunu bildirib.
“Velmanın çıxışı zalda əyləşən erməni deputatları qəzəbləndirdi. Onun bu fikrindən sonra Ermənistanı təmsil edən qadın millət vəkilləri işğal sözündən əsəbləşərək əsassız ittihamlar irəli sürməyə başladılar”
Millət vəkili Məlahət İbrahimqizi çıxış edərək ermənilərin alman deputatın sözünü kəsmələrini beynəlxalq hüquqa, beynəlxalq təşkilatların, xüsusi ilə də BMT-nin, AŞ PA-nın, Avropa Birliyinin, hətta Almaniya Bundestaqının Azərbaycanın 20 faiz torpağının işğal olunmasını, Ermənistanın işğalçı ordusunu qeyd şərtsiz Qarabağdan çıxarılmasını özündə əks etdirən qətnamələrə hörmətsizlik kimi dəyərləndirib.
Ermənistanı təmsil edən deputatlar son vaxtlar guya azərbaycanlıların atəşkəsi pozmasından, Qarabağ ermənilərinin təhlükəsizlik məsələlərindən danişmağa cəhd etsələr də deputat Sevinc Hüseynova onların layiqli cavablarını verib. Millət vəkili onların hər zaman olduğu kimi yenə də yalan danişmalarını xatırladaraq almaniyalı həmkarına Azərbaycanda bu gün 30 min erməninin tam təhlükəsiz vəziyyətdə yaşadıqlarını bildirib.
O, Azərbaycan xalqının dünyanın ən tolerant xalqı olduğunu deyərək ölkəmizdə bütün millətlərə və dinlərə bəslənən rəğbətdən söz açıb. Görüşün digər iştirakçıları bir daha erməni siyasətçilərin nə qədər əsassız olmasının şahidi olublar.
Həmin gün Cənubi Qafqaz Respublikalarini təmsil edən xanim millət vəkilləri Almaniyanın Xristian Demokrat Partiyasinin Qərargahında olublar. Görüş zamanı partiyalar arasında mövcud əlaqələrin genişlənməsindən danışılıb.
Xanım deputatların səfəri davam edir.
Modern.az