Modern.az

Ordu günü və ordunun günü...

Ordu günü və ordunun günü...

26 İyun 2012, 18:21

Elə etməliyik ki, ata-analar övladlarını əsgəri xidmətdən əsirlikdən qaçırdan kimi qaçırtmasınlar...

Milli ordumuzun gününü bayram etdik... Yaranmasından 94 il keçir. Ordumuz milli qürur yerimizdi, fəxrimizdi, arxamızdı, biz Vətənimiz kimi ordumuzu da sevməliyik... Ona müqəddəs bir varlıq kimi, bir şərəf, qeyrət, namus atributu kimi yanaşmalıyıq. Milli ordumuzun gününü ən gözəl bayramlardan biri kimi keçirməliyik. Amma bayramı ürəklə qeyd etməmiz üçün ordumuzun günü də, yəni gerçək vəziyyəti də ürəkaçan olmalıdır...

Bu mövzu çox həssas mövzudur... İndi  hakimiyyət məmurları  ordudakı  nöqsanlar  haqqında danışmagı az qala, Vətənə xəyanət kimi qiymətləndirirlər. Cənablar, bəs nöqsanlara, cinayətlərə göz yummaq necə - bu, özü də cinayət, xalqa, Vətənə, dövlətə xəyanət deyilmi?..  Doğrudur, ordudan digər sahələrə nisbətən daha ehtiyatla danışmaq, yazmaq gərəkdir. Amma  dövlət KİV-ləri, telekanalları, bəzi qeyri-hökumət təşkilatları kimi ordumuzun yalnız uğurlarından, müsbət cəhətlərindən danışıb nöqsanları,  mənfi cəhətləri ört-basdır etmək də olmaz... Bu, əsgərimizin, zabitimizin dərdlərinə, problemlərinə göz yummaq, biganə qalmaqdı...  Belə çıxır ki, hansısa harınlamış general  dövlətimizin zabitə, əsgərə ayırdığı ərzağı-filanı çapıb-talamalı, yaxud komandir əsgərləri gündə söyüb-döyməli, onlardan konturpulu tələb etməli, qanunsuz əmrlərini yerinə yetirməyənləri ağır işgəncələrlə öldürməli, valideynlər,  o cümlədən biz yazarlar da bunlara göz yummalıyıq... Səhvləri, cinayətləri malalaya-malalaya daha müdhiş cinayətlərin,  faciələrin toxumunu səpmirikmi?..

“Atəşkəs” dövründə milli ordumuzun texniki təchizat, ərzaq, geyim sarıdan inkişafı olubsa da, nöqsanlar da kifayət qədərdir... Bunları hərbi ekspertlər daha dəqiq araşdıra bilər. Amma bəndənizin də həm bir vətəndaş kimi, həm də 1991-ci ildən, dövlətçiliyimizlə bərabər ordumuzun da formalaşmasını bəzən içəridən, bəzən kənardan müşahidə etmiş bir insan kimi fikirlərini demək borcu və haqqıdır.

Əlbəttə, deyə bilərsiniz ki, kənardan danışmaq asandır... Doğrudan da, ordunun formalaşması çox ağır və çətin prosesdir. Ancaq o ölkənin ki kifayət qədər təbii sərvəti, o cümlədən enerji qaynaqları var, orada ordunun formalaşması prosesində obyektiv amillərdən çox, subyektiv amillər daha çox rol oynayır. Yəni,  çox şey dövlətin və ordunun başında duranlardan asılıdır... Məsələn, orduya ayrılan büdcə pullarının necə xərclənməsi həlledici amildir... Bu gün əgər iqtidar iddia edirsə ki, ölkəmiz iqtisadi inkişaf tempinə görə dünyada birinci yerlərdən birini tutur, hərbi sahəyə ayrılan vəsait Ermənistanın dövlət  bücəsindən iki dəfə çoxdu,  onda Azərbaycan ordusunun texniki təchizat və ərzaq sarıdan heç bir ciddi problemi olmamalıdır. Ancaq təəssüf ki var... Və sözsüz ki bu problemi yaradan insan faktorudur... Bax, milli (!) dövlət bunu mütləq aradan qaldırmalıdır... Dövlət yetkililəri hərbi sahəyə ayırdığımız vəsaitin ən yüksək səviyyədə olmasından danışır, amma  həmin pulların necə xərclənməsindən, şəxsi ciblərə axıb-axmamasından danışmır...

 Digər bir ciddi problem orduda komandir kobudluğu, sadistliyi və “dedovşina”, yəni köhnə əsgərlərin təzə gələnlərə zülm etməsidir... Qonşu Gürcüstanda xidmət edən soydaşlarımızın sözlərinə görə, demək olar, tamamilə, NATO standartlarına uyğunlaşdırılmış bu orduda sadalanan  problemlər  yox dərəcəsindədi... Gürcüstanın, sərvəti, dövlət büdcəsi, orduya ayırdığı vəsait bizimkindən dəfələrlə azdır axı?.. Deməli, yenə də insan faktoru...

Problemlərimizin əsas kökü nəfsimizdədir. Məmləkətdə qanunların işləməməsi, hamımızı nəfsimizin, tamahımızın girovuna çevirib. O cümlədən ordumuzu da... Əsgərin nəfsi, zabitin nəfsi, generalın nəfsi, nazirin nəfsi... Çin, rütbə, paqon,  vəzifə böyüdükcə nəfsimiz də böyüyür... Və sonda  bütün cəmiyyətimizin, özümüzün, o cümlədən ordumuzun bəlasına çevrilir... Nəticədə vətəndaşın orduya ehtimadı, güvənci ən aşağı səviyyəyə enir. Ən təhlükəlisi budur, bax...

Bu, danılmaz gerçəklikdir ki, ətrafımızdakı qohum-əqrəba, dost-tanışın əksəriyyəti  rüşvət verib övladını əsgərlikdən saxlatmağa  və yaxud “yaxşı yerə” saldırmağa çalışır... Niyə, nədən?  Burada oğullarının  cəbhə bölgəsinə düşüb erməni gülləsinə tuş gəlməsi qorxusundan çox, sadaladığımız süni problemlər: komandir vəhşiliyi,  “ded-molodoy” məsələsi və yemək-içmək çatışmazlığı əsas səbəblərdəndir...

Milli (!) dövlətin başında duranlar bütün bunları təcili araşdırmalı və təcili həll etməlidirlər... Ona da heç kəs etiraz edə bilməz ki,  haylarla üz-üzə -səngərlərdə, güllə altda xidmət edənlərin böyük əksəriyyəti kasıb-kusub balalarıdır...   

Belə nəticəyə gəlmişəm ki, ölkədaxilindəki xarici qüvvələrə, o cümlədən Rusiya imperiyasına xidmət edən xüsusi güclər sözügedən problemləri qəsdən yaradırlar ki, xalqda milli (!) orduya güvənc, etibar hissini tamamilə öldürsünlər. Və bununla vətəndaş da belə bir fikir yaratsınlar ki, bu xalqın ordusu ola bilməz, bu xalqın övladları vuruşa bilməz, öz gücünə torpaqlarını azad edə bilməz... Yəni sonda Azərbaycanda  belə bir əqidə formalaşmalıdır ki, biz mütləq yenə də, ya Qərbdə, ya Şimalda “böyük qardaş” axtarmalıyıq...

Bu xalq ordusuna qayğı göstərməyi də bacarır, döyüşməyi də... Sadəcə, qanunların işləməsini təmin etmək, xəyanətkarları vaxtında cəzalandırmaq lazımdır... 1991-ci ildən bəri baş  verən hadisələr bunu bir daha sübut edir... Bu gün  ordumuzdakı sadalanan problemləri qısa müddətdə həll etmək mümkündür...

Şahidi olduğum sadə bir misal... 1992-ci ilin martında  - ali məktəbin sonuncu kursunda oxuyarkən bəndənizin təşəbbüsü ilə çox böyük əziyyətlə 37 nəfərdən ibarət respublikada ilk könüllü tələbə dəstələrindən biri yaradıldı. Müdafiə nazirinin əmri ilə həmin dəstə N saylı hərbi hissənin nəzdində əlahiddə vzvod kimi təsdiqləndi  (Yeri gəlmişkən, milli ordumuzun formalaşmasında kiçicik də olsa, zəhmətim olduğu üçün qürur duyuram). 
İki aya yaxın müddətdə  Laçının Ermənistanla sərhəddə yerləşən postlarında düşmənlə üz-üzə dayandıq. Sözümün canı ondadır ki, həmin müddət ərzində biz nə ərzaq, nə geyim, nə  silah-sursat problemi ilə rastlaşdıq. Yemək-içməyimiz bol idi: Braziliya kofesi, ən keyfiyyətli çay,  qatılaşdırılmış süd, kərə yağı, hər gün təzə ət və s. Nizam-intizama da ki söz ola bilməzdi... 
Təsəvvür edin, müstəqilliyimizin elan olunmasından, ordumuzun yaranmasından cəmi 5-6 ay keçib, Xocalı faciəsi baş verib, hakimiyyətdə xaosdu, hər tərəfdə döyüş gedir, amma əsgərin, döyüşçünün təminatı, təchizatı, intizamı normaldı... Bunu həm də o kəslərin diqqətinə çatdırıram ki, tez-tez Ayaz Mütəllibovun, Xalq Cəbhəsinin dövründə orduda tamamilə nizam-intizamsızlıq olduğunu  vurğulayırlar...

Deməli, 20 il sonra Azərbaycanın “analoqu olmayan inkişafı” dövründə, geniş hərbi əməliyyatların getmədiyi bir zamanda orduda hər şeyi ən yüksək səviyyəyə çatdırmaq mümkündür... Sadəcə, istək, qeyrət lazımdır...
Kimlərsə, məni qınaya bilər ki, bu yazını ermənilər də oxuyacaq... Cənablar, Ermənistan  öz kəşfiyyatı, habelə Rusiya xüsusi xidmət orqanlarının Azərbaycandakı agentləri sayəsində milli (!) ordumuzun gerçək vəziyyətini səndən-məndən yaxşı bilirlər...  Yetər ki özümüz öz ordumuzdakı işimizə, nöqsan və cinayətlərimizə düzgün dəyər, hüquqi qiymət verək, korrupsiyanın kökünü kəsək... Və ordumuzun gününün gözəl olduğunu həm xaricdə, həm daxildə isbatlaya bilək. Elə edək ki, valideynlərimiz gənclərimizi əsgəri xidmətdən əsirlikdən qaçırdan kimi qaçırtmasın... 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi