Samux rayonunda silahlı insident baş verib. Modern.az-ın məlumatına görə, naməlum şəxslər Samux Dövlət Ovçuluq Təsərrüfatının əməkdaşlarına odlu silahla hədə-qorxu gəlib. Hadisədən sonra ərazidən uzaqlaşan silahlı şəxsləri hələlik məsuliyyətə cəlb etmək mümkün olmayıb.
Samux Dövlət Ovçuluq Təsərrüfatının mühafizə yegeri Həsən Rəsulov və sahə müəffətişi Nöfəl Hüseynov Hacıalı kəndində Qarasaqqal adlanan ərazidə baxış keçirərkən 2 nəfər naməlum atlı görüb. Onların kimliyini müəyənləşdirmək istəyən ovçuluq təsərrüfatının əməkdaşları müqavimətlə üzləşib. Həmin şəxslərdən biri odlu silahla havaya atəş açaraq müəffətişlərə hədə-qorxu gəlib. Bunu görən müffətişlər polisə məlumat verib. Hadisədən sonra ərazidən bir ədəd giliz aşkarlanıb. Amma hələlik həmin gilizin hansı silaha məxsus olduğu məlum deyil.
Faktı Samux rayon Polis Şöbəsindən təsdiqləyiblər. Şöbədən bildirilib ki hazırda cinayət işi üzrə araşdırma aparılır. Samux rayon Polsi Şöbəsinin müstəntiqi Rauf Sadıqovun sözlərinə görə, faktla əlaqədar olaraq Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə cinayət işi başlanıb. Və cinayət törətmiş şəxslərin müəyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Müstəntiq onu da bildirib ki, cinayətin üstünün açılması istiqamətində intensiv zəruri tədbirlər görülür və həmin şəxslər qısa zamanda məsuliyyətə cəlb olunacaq.
Modern.az