Modern.az

Prezident İlham Əliyev İstanbulda keçirilən sammitdə çıxış edib

Prezident İlham Əliyev İstanbulda keçirilən sammitdə çıxış edib

26 İyun 2012, 21:10

İyunun 26-da İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) 20 illik yubiley sammiti keçirilib.

Modern.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak edib.

 Tədbirdə Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.

 Zirvə görüşünün iştirakçıları birgə foto çəkdiriblər.

Sammiti açan Türkiyə Prezidenti Abdullah Gül iştirakçıları salamlayaraq bildirib ki, bu toplantıya ev sahibliyi etmək Türkiyə üçün böyük şərəfdir. Təşkilatın yaranma tarixindən danışan Türkiyə Prezidenti diqqətə çatdırıb ki, 20 illik fəaliyyəti dövründə bu qurum üzv ölkələr arasında siyasi və iqtisadi münasibətlərin daha da yaxınlaşmasına yeni imkanlar açıbr. Abdullah Gül qurumun beynəlxalq iqtisadiyyatda önəmli rolunu qeyd edib. Bildirib ki, təşkilat bölgədə iqtisadi əlaqələrin, o cümlədən üzv ölkələr arasında işbirliyinin genişlənməsinə, özəl sektorun, ticarətin, mədəniyyətin, turizmin inkişafına təkan verir. Bütün bunlar isə üzv ölkələrin iradəsi sayəsində mümkün olubdur. Avrasiyanın mərkəzində yerləşən və Qara dəniz ölkələrini birləşdirən bu təşkilat tarixi İpək yolunun bərpasında və enerji resurslarının daşınmasında da mühüm rola malikdir.

 Türkiyə Prezidenti daha sonra bildirib ki, bu gün təşkilatın qarşısında duran əsas məqsəd gələcək 10 il üçün iqtisadi əməkdaşlığın yeni hədəflərini müəyyən etməkdir. Abdullah Gül sammitin işinə uğurlar arzulayıb.

 Təşkilata sədrlik edən Serbiyanın Prezidenti Tomislav Nikoliç yubiley sammitinin dünyada iqtisadi böhranın hökm sürdüyü bir dövrdə keçirilməsinin önəmindən danışaraq qeyd edib ki, Serbiyanın quruma sədrlik etdiyi dövrdə təşkilata üzv dövlətlər arasında iqtisadi inkişaf istiqamətində mühüm addımlar atılıbdır. Təşkilatın əsas məqsədi beynəlxalq qurumlarla əlaqələri yüksək səviyyədə qurmaqdır.

 Serbiyanın dövlət başçısı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nüfuzlu beynəlxalq qurumlar, o cümlədən Avropa İttifaqı və Avropa Komissiyası ilə sıx əlaqələrinin əhəmiyyətinə də toxundu. O, QİƏT-ə sədrliyin Türkiyəyə keçməsindən məmnun olduğunu deyib.

 Daha sonra  Azərbaycan Prezidenti İlham Əliyev zirvə görüşündə çıxış edib.

 Dövlət başçısı təşkilatın yaranma tarixinin Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşdüyünü deyib.

 “Bu illər ərzində ölkəmiz böyük yol keçib. İqtisadi sahədə Azərbaycanda köklü islahatlar aparılıb və son illər ərzində ölkəmiz qarşısında duran əsas iqtisadi və infrastruktur layihələri müvəffəqiyyətlə icra edib”, - deyən Azərbaycan Prezidenti onu da diqqətə çatdırdıb ki, dünyanın aparıcı reytinq agentlikləri də ölkəmizin bu nailiyyətlərini təsdiqləyir.

 Prezident İlham Əliyev qeyd edib ki, neft və qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanı həm enerji resurslarının ixracatçısına, həm də tranzit ölkəyə çevirib. Digər bir nəhəng layihənin - Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə qədim İpək yolunun bərpasına da nail olunacaqdır. Bunlar konkret layihələrdir.

 Prezident bu layihələrin təşkilata üzv ölkələrin daha da sıx birləşməsinə və həm də həmin dövlətlərin iqtisadi gücünün artmasına yeni imkanlar açacağını əsaslandırıb.

Dövlət başçısı bölgədə əməkdaşlığın genişlənməsinə və iqtisadi sahədə əlaqələrin daha da dərinləşməsinə əngəl olan əsas amil kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub və bildirib ki, münaqişənin həll olunmaması təkcə iqtisadi əməkdaşlığa deyil, bütövlükdə bölgədə sülh və təhlükəsizliyə təhdiddir. Azərbaycan Prezidenti qonaqpərvərliyə və zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə Türkiyə Prezidenti Abdullah Gülə minnətdarlığını bildirib.

Sammitdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan digər ölkələrin dövlət və hökumət başçıları da çıxış ediblər.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi