Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində qurumun hüquqi məsələlər və insan haqları komitəsinin yığıncağı keçirilib.
İclasda Almaniyadan olan deputat Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hazırladığı hesabat üzrə qətnamə layihəsi qəbul olunub.
Modern.az AzərTAc-a istinadən bildiri ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yığıncaq barədə azərbaycanlı jurnalistlərə verdiyi müsahibəsində deyib:
“Komitə üzvləri Azərbaycanda “siyasi məhbus” məsələsi ilə bağl məruzənin oktyabr ayında keçiriləcək sessiyada müzakirəyə çıxarılması ilə bağlı aparılan müzakirələrdə mövqelərini bildirmişlər. Səsvermə nəticəsində 25 deputat məruzənin müzakirəyə çıxarılmasının lehinə, 23-ü isə əleyhinə olduqlarını bildirmişlər. Əlbəttə, həmin məruzəyə biz mövqeyimizi bildirəcəyik. Bu, hələ ilkin mərhələdir. Amma komitə tərəfindən bu cür münasibətin bildirilməsi onu göstərir ki, vaxtilə bizdə bir-iki nəfər ölkəmizə qarşı sərt mövqelərdən çıxış edirdilər. İndi isə fikirlər bölündü. İki nəfərin bu tərəfə, iki nəfərin isə o tərəfə olması heç də real söhbət deyildir. Əslində, ciddi müzakirələr AŞPA-nın oktyabrda keçiriləcək sessiyasında aparılacaqdır. Həmin vaxt Azərbaycan tərəfi qəti şəkildə mövqeyini bildirəcəkdir.
Sonda bildirmək istəyirəm ki, komitənin yığıncağı bir daha Azərbaycana qarşı ikili standartlardan yanaşmanı əyani şəkildə sübuta yetirmişdir. Burada vacib fakt ondan ibarətdir ki, AŞPA-nın ən əsas hüquqi məsələlər və insan haqları komitəsi yaxşı başa düşür ki, bu ikili yanaşmadır. Mən neçə illərdir ki, AŞPA-nın sessiyalarında iştirak edirəm. İndiyə qədər belə ikili standartların şahidi olmamışam. Ona görə də komitə üzvələrinin irəli sürdükləri bir neçə bənd keçmədi. Açığını deyim ki, bu birbaşa Azərbaycana qarşı təsir formasıdır”.
Strasser isə Azərbaycana buraxılmadığı üçün siyasi məhbuslarla bağlı hesabatı müxtəlif mənbələrə istinad edərək hazırladığını deyib. Məruzəçi bildirib ki, onun tərtib etdiyi 89 nəfərlik siyahıdakı adamlardan kimlərin «siyasi məhbus» kriteriyasına uyğun gəlmədiyini yoxlamaq üçün Azərbaycana səfər edib araşdırma aparmağı planlaşdırsa da, ona viza verilməyib.
Amma Strasser yenə də Azərbaycana getməyə, hökumət və QHT nümayəndələri ilə bu məsələləri müzakirə etməyə hazır olduğunu deyib. Məruzənin AŞPA-da qəbulu ilə bağlı səsvermə sentyabr ayında keçiriləcək. O, əlavə edir ki, siyahını Azərbaycan hökumətinə göndərib və Azərbaycana getmək imkanı yaradılacağına ümid edir.
Azərbaycandakı hüquq müdafiəçiləri ölkədə siyasi məhbusların olduğunu bildirirlər. Bu fikirdə olan təşkilatların 2 ayrı-ayrı siyahısı var. Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Səidə Qocamanlı "Azadlıq" radiosuna bildirib ki, iyunun 22-də imzalanan əfv sərəncamından sonra indi onların siyahısında 10 siyasi məhbus qalıb.
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus isə Azərbaycanda siyasi məhbusların sayının 70-dən çox olduğunu bildirib. Strasserin hesabatı ilə yaxşı tanış olduğunu deyən hüquq müdafiəçisinə görə, elə bu qədər say həmin hesabatda da qeyd olunub.
Modern.az