Modern.az

“Azəriqaz” rəsmisi: “Aktsız qazlaşdırma mümkün deyil”

“Azəriqaz” rəsmisi: “Aktsız qazlaşdırma mümkün deyil”

27 İyun 2012, 13:38

“Biz abonentlərimizin sayının artmasında maraqlıyıq, amma...”

Yeni yaşayış binalarına köçən sakinlər “tam rahatladıq” demək istəyərkən bir çox problemlərlə üzləşirlər. Bu problemlərdən biri də “göydələnlər”in qazla təmin olmamasıdır. Söz verilir, “qaz olacaq”, amma vəd olunan tarixin üstünə günlər, aylar calansa da, nəticə yoxdur. Bunun təqsirkarı kimdir: “Azəriqaz”? 

“Azəriqaz” ASC-in ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Tahir Kazımov  Modern.az-a açıqlamasında məsələyə bu cür aydınlıq gətirdi: “Regional sosial-iqtisadi inkişafına dair dövlət proqramına uyğun olaraq, bütün yaşayış məntəqələri  2013-cü ilin axırına qədər tam qazlaşdırılmalıdır. O cümlədən fərdi yaşayış evləri, dövlət yaşayış evləri və s.  Problem ondan ibarətdir ki, MTK-lar tərəfindən tikilmiş binalar natamam olaraq – qazsız, susuz, bəzənsə işıqsız istifadəçilərin ixtiyarına verilir. Ən acınacaqlı vəziyyət ondan ibarətdir ki, bu binanı tikən MTK-lar bina dövlət komissiyası tərəfindən qəbul olunmadan vətəndaşlara həmin mənzillərdə yaşamağa imkan yaradırlar”.

Tahir Kazımovun sözlərinə görə, yeni tikilmiş binalar dövlət qəbulu komissiyasından keçib müvafiq akta malik olmadığına görə qazlaşdırılma problemə çevrilib. Mövcud qanunvericiliyə görə, yeni yaşayış binalarının yararlı olması haqqında dövlət qəbul komissiyası aktının varlığı mütləqdir. Belə bir sənəd “Azəriqaz”a təqdim olunduqda yaşayış yerinin qazlaşdırılması tez bir müddətdə həyata keçirilir. “Bu şərtsiz mənzilləri qazla təmin etmək mümkün deyil”.

“Azəriqaz” əməkdaşı binaların qazla təmininə icazə verilməməsi səbəblərindən biri kimi onlardan bəzisinin yararsızlığını da göstərdi: “Əksər binaların bünövrəsi düz qurulmadığından, əsasən qazdan istifadə təhlükəlidir. İşıqda nəsə nasazlıq yaransa, bu hər hansı naqilin sıradan çıxmasına səbəb ola bilər, lakin bu cür binalarda qaz axması baş versə, bu daha böyük fəlakətə gətirib çıxara bilər”.

T. Kazımov yeni yaşayış binalarının qazla təmin olunmasında “Azəriqaz”ın   özünün də marağında olduğunu bildirdi: “Biz maraqlıyıq ki, bizim abonentlərin sayı artsın. Amma MTK-lar öz binalarının mənzillərinin yararlığını dövlət komissiyasının aktı ilə təsdiqlətsə, həmin andaca mənzilləri qazla təmin edərik”.

 

Aygün Asifqızı

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi