Modern.az

Qarabağ qaziləri Hilal Məmmədovun həbsinə “etnik” çalar verilməsinə qarşıdırlar

Qarabağ qaziləri Hilal Məmmədovun həbsinə “etnik” çalar verilməsinə qarşıdırlar

27 İyun 2012, 15:57

“Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” İctimai Birlikləri iyunun 22-də  qanunsuz olaraq külli miqdarda narkotik maddə saxlama iddiası ilə həbs olunan “Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun saxlanmasına etnik çalar verilməsindən narahatdırlar. Bununla bağlı adı çəkilən hər iki təşkilatın birgə bəyanatı yayılıb. Modern.az-ın məlumatına görə, bəyanatda deyilir:

“Bizlər - Azərbaycan torpaqlarını erməni təcavüzündə müdafiə edən Qarabağ qaziləri iyunun 22-də  qanunsuz olaraq külli miqdarda narkotik maddə saxlama iddiası ilə həbs olunan “Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun saxlanmasına etnik çalar verilməsindən çox narahatıq. Çünki biz Azərbaycanın ərazi bütövlüyünü ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri ilə çiyin-çiyinə birgə qorumuşuq. Anamız Azərbaycanın o ağır günlərində heç zaman sağımız və solumuzdakı silahdaşımızın hansı millətə, hansı etnik qrupa mənsub olmasının fərqinə də varmamışıq. Və sonrakı illərdə də haqlarımızın müdafiəsi uğurunda apardığımız mübarizədə bir yerdə olmuş, bu gün də birik. İnsaf naminə demək lazımdır ki, hələ bu günə qədər Azərbaycanda kiminsə məhz hansısa etnik qrupa mənsub olduğuna görə nəinki həbs edilməsi, incidilməsi, heç ayrı-seçkilik salınması hallarına rast gəlinməyib. Heç torpaqlarımızı işğal etmiş, yurd-yuvalarımızı viran qoymuş, bir milyon azərbaycanlının öz ata-baba ocağından didərgin salmış, dinc insanlarımızı bəşər övladının ağlına belə gəlməyən xüsusi amansızlıq və vəhşiliklə qətlə yetirmiş erməni millətinə qarşı Azərbaycanda hər hansı bir hərəkət baş vermir, onlara toxunulmur. Paytaxt Bakıda minlərlə erməni öz sakit həyatını yaşayır. Belə olan halda niyə bizimlə birgə müstəqil Azərbaycanın qurulmasında, inkişaf  etməsində iştirak edən digər etnik qruplara məxsus insanlara qarşı hər hansı təzyiq olmaldır. Biz döyüşçülər də ölkəmizdəki problemlərdən xəbərdarıq və o problemlərin nəticəsini öz canımızda, torpaqlarımızın müdafiəsi zamanı itirdiyimiz əzalarımızın yerlərində hər an hiss edirik.

Azərbaycan tolerant ölkədir,  bunu dünyanın bütün aparıcı ölkələrinin dövlət başçıları təsdiq edir, beynəlxalq qurumların hesabatlarında yer alıb. Biz dəfələrlə Azərbaycanda hər hansı bir jurnalistin, hüquq müdafiəçisinin, döyüşçüsünün qanunsuz olaraq həbs olunmasına,  təzyiqlərə məruz qalmasına qarşı haqq səsimizi qaldırmışıq və yeri gəldikcə yenə də bu addımları atacağıq. Amma atalar demiş “qaşınmayan yerdən qan çıxarmaq istəyən” şəxslərin  H.Məmmədovun həbsinə etnik rəng verməsinə də susa bilmərik. Çünki hamı bilir ki, bu həbsin birbaşa və ya dolayısı ilə H.Məmmədovun etnik mənsubiyyətinə zərrə qədər daxil yoxdur. Belə olan halda niyə bəzi şəxslər bu həbsə Azərbaycan kimi çoxmillətli ölkədə olduqca təhlükəli və zərərli çağırışlar edirlər?

Axı Azərbaycan tolerant ölkədir,  bunu dünyanın bütün aparıcı ölkələrinin dövlət başçıları təsdiq edir, beynəlxalq qurumların hesabatlarında yer alıb. Biz demirik ki, H.Məmmədov haqlı səbəbdən tutulub, onun hüquqları qorunmasın. Digər vətəndaşlarımızın həbsi zamanı olduğu kimi, onun da hüquqlarının müdafiə komitəsi də yaradıla, olay ictimailəşə bilərdi, necə ki yaradıldı və ictimailəşdi. Bizi narahat edən H.Məmmədovun həbsinə etnik rəng verilməsi cəhdləridir.

Ona görə də H.Məmmədovun həbsinə etnik rəng vermək istəyən şəxslərin bu addımlarını kəskin şəkildə pisləyir,  Azərbaycanımız üçün zərər vura biləcək belə yarıtmaz siyasətə son qoymağı tələb edirik!”.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi