Modern.az

Nuşirəvan Məhərrəmli yerli seriallardan və aparıcılardan narazılıq etdi

Nuşirəvan Məhərrəmli yerli seriallardan və aparıcılardan narazılıq etdi

27 İyun 2012, 16:43

“Yeni çəkilən seriallar bizi qətiyyən qane etmir”

Bu sözləri Modern.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, yerli serial bazarında yeni olduğumuzdan ilk addımların uğursuz olması da normaldır:

“Yola yeni çıxdığımızdan uğursuzluqların olması təbiidir. Bu gün yeni çəkilən seriallar bizi tam qane etmir. Amma bu seriallar ümidvericidir. Yəqin ki, bir neçə ildən sonra yerli seriallar da Azərbaycan tamaşaçısını qane edəcək və  sevindirəcək”.  

MTRŞ sədri aparıcıların dil problemlərinə də toxunub. O bildirib ki, şou xarakterli verilişlərdə sünilik, bayağılıq, bəsitlik Şuranı çox narahat edir. Bundan başqa, Azərbaycan ədəbi dilinin işlənilməsi ilə bağlı ciddi problemlər olduğunu deyən N. Məhərrəmli Azərbaycan ədəbi dilinin  normalarının əsasən şou xarakterli verilişlərin aparıcıları tərəfindən pozulduğunu söyləyib.

“Bu gün televiziya aparıcılarının dili bizi çox narahat edir. Burada ədəbi dil qaydaları hələ ki, müəyyən olunmayıb. Odur ki, bununla bağlı biz səylərimizi mütəxəssislərlə birlikdə davam etdirəcəyik”.  

Evlilik proqramlarının bağlanması üçün televiziyalara dəfələrlə müraciət etdiyini deyən MTRŞ sədrinin sözlərinə görə, telekanalların bəziləri belə verilişləri hələ də yayımlayırlar:

“Biz çox çalışırıq ki, Azərbaycan mentalitetinə uyğun olmayan verilişlər telekanallardan yığışdırılsın. Amma bəzi telekanallar qanunla məhdud çərçivəli verilişlər yayımlayır. Biz dəfələrlə tövsiyə etmişik ki, belə verilişlər yaymasınlar. Bizim tövsiyələri qəbul edənlər də var etməyənlər də. Amma ümidvaram ki, bu tipli verilişlər Azərbaycan teleməkanında olmayacaq”.   

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi