Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, "2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Administrasiyası Rəhbərinin 19 iyun 2012-ci il tarixli 69 nömrəli Sərəncamına əsasən cari ildə Azərbaycan Dövlət Aqrar Universitetinin "Memarlıq" ixtisasına tələbə qəbulu nəzərdə tutulmayıb.
TQDK-dan bildirilib ki, həmin ixtisas üzrə ADAU-da yaradılmış "Memarlıq" komissiyasında (86 saylı) qeydiyyatdan keçmiş və respublikanın digər ali təhsil müəssisələrinin müvafiq ixtisası üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər Azərbaycan Memarlıq və İnşaat Universitetində "Memarlıq" ixtisası üzrə keçiriləcək qabiliyyət imtahanında iştirak edə bilərlər.Qeyd edilib ki, AMİU-da qabiliyyət imtahanında iştirak etmək istəyən abituriyentlər 02-15 iyul 2012-ci il tarixlərində TQDK-nın Gəncə Regional Bölməsinə müraciət edə bilərlər. Bunun üçün abituriyentlər onlara verilmiş "Qabiliyyət imtahanı vərəqi"ni və şəxsiyyəti təsdiq edən sənədi Regional Bölməyə şəxsən təqdim etməlidirlər.
Anar RÜSTƏMOV