Müsavat Partiyasının başqan müavinləri və partiyanı təmsil edən nümayəndə heyəti tanınmış hüquqşünas, ictimai-siyasi xadim İsaxan Aşurovun dəfn mərasimində iştirak etmək üçün Gürcüstana gediblər. Bu barədə Modern.az saytına məlumat verən Müsavat Partiyası Ali Məclisinin sədri Arzu Səmədbəyli bildirib ki, vida mərasimində Müsavat Partiyasının başqan müavinlər Gülağa Aslanlı, Tofiq Yaqublu və eləcə də böyük bir heyət dəfn mərasiminə qatılacaq.
“Təbii ki, Müsavat Partiyası rəhbərlik səviyyəsində İsaxan Aşurovun dəfn mərasimində iştirak edir. Partiyanın başqan müavinləri Gülağa Aslanlı, Tofiq Yaqublu və rayon təşkilatlarından da daxil olmaqla böyük bir nümayəndə heyəti dəfndə iştirak edəcəklər”,-deyə A.Səmədbəyli vurğulayıb.
Qeyd edək ki, uzun sürən xəstəlikdən sonra iyunun 22-də ABŞ-da xəstəxanada vəfat edən hüquqşünas, ictimai-siyasi xadim İsaxan Aşurov bu gün saat 16:00-da doğulduğu bölgədə - Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində dəfn olunacaq.
Anar RÜSTƏMOV