Media ombudsmanı məsələsində mövqelər üst-üstə düşmür
2005-ci ildə qəbul edilmiş “İnformasiya əldə etmək haqqında” Qanunda media ombudsmanı institutunun yaradılması nəzərdə tutulurdu. Amma bir il bundan öncə Prezidentinin təklifi ilə “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Konstitusiya Qanununa yeni (13-ci) maddə əlavə edilib. 16 bənddən ibarət yeni maddə ilə media ombudsmanının səlahiyyətləri İnsan haqları üzrə müvəkkilə (Ombudsman) həvalə olundu. Lakin jurnalistlər bundan razı qalmadılar. Onlar Ombudsmanı fəaliyyətsizlikdə, jurnalistlərin pozulan hüquqlarının müdafiəsinə biganəlik göstərməkdə təqsirləndirdilər. Belə olan halda yenidən ayrıca media ombudsmanı institutunun yaradılmasına ehtiyac yarandı. Lakin bu fikir də birmənalı qarşılanmadı.
Modern.az-ın araşdırması göstərir ki, məsələ ilə bağlı Mətbuat Şurasına və redaktorların fikirlərində üst-üstə düşməyən məqamlar var.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycanda hələ ki bu qurum ciddi fəaliyətə başlamayıb.
“Fikirləşirik ki, hələlik gözləyək. Görək sonu necə olur. Bir az fəaliyyətinə nəzər salaq, daha sonra fikrimizi bildirək. Bu yeni yaranmış strukturdur. Hələ ki əsas yoxdur ki, deyək bu yaxşı və ya pis işləyir. Dünyada bəzi yerlərdə belə qurum var, bəzilərində yoxdur. Söhbət ondan gedir ki, jurnalistlər, bütün cəmiyyət informasiya mənbələrindən informasiya ala bilsinlər. Məhz bu qurumun da məqsədi ondan ibarətdir ki, insanların köməyinə gəlsin. Hələlik Azərbaycanda bu qurum ciddi olaraq fəaliyyətə başlamayıb. Qoy, fəaliyətə başlasın və ondan sonra görək necə işləyir. Edilən şikayətləri necə araşdırır. O zaman strukturun fəaliyəti ilə bağlı müəyyən qənaətə gələ bilərik.
“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı isə artıq məsələnin müzakirəyə ehtiyacı olmadığını deyib. Onun sözlərinə görə, bu məsələ Azərbaycanda öz həllini tapıb. “Elmira Süleymanova və ombudsman idarəsi artıq bu işlərlə məşğuldur”.
“Yeni Müsavat“ qəzetinin baş redaktoru Rauf Arifoğlu media ombudsmanlığının insan hüquqları üzrə müvəkkilə həvalə olunmasını yolverilməz hesab edir. O bildirib ki, hazırda Azərbaycanda media ombudsmanı yoxdur. “Azərbaycanda da dünyada olduğu kimi media ombudsmanı prezdentin sərəncamı ilə bir neçə il əvvəl təsis olunub. Təəssüf ki, media ombudsmanı məsələsində hansısa səbəblərdən hakimiyyət tərəddüdə yol verdi və nəticədə media sahəsinə dair hüquq müdafiəsi və media hüquqlarının təmsiliyyəti boş qaldı. Bundan sonra isə çox qəribə halda, qəribə şəkildə media ombudsmanlığını insan hüquqları üzrə ombudsmanlığa həvalə etdilər. Mən bunu yolverilməz sayıram və düşünürəm ki, media ombudsmanı yoxdur. Çünki hüquq müdafiəsi üzrə ombudsmanın özünün fəaliyyətindən bir sıra narazılıqlar var. Mən özüm vaxtı ilə həbsxanada yatmışam. Bu prosesin necə getdiyini bilirəm. Və ombudsman aparatının insan haqlarının müdafiəsi ilə məşğul olma imkanlarını bilirəm. Ona görədə mən hesab edirəm ki, media ombudsmanı olacaq insan hər halda indiki Azərbaycan Respublikasının ombudsmanı deyil. Hörmətli Elmira xanıma böyük sayğıma baxmayaraq, vəziyyəti onun media ombudsmanı olması dəyişmədi və dəyişməyəcək. Dünya praktikasına da nəzər salanda görürük ki, ayrıdır”.
“Media Forum” saytının redaktoru Hikmət Sabiroğlu əsas məsələnin bir yerdə və ya ayrı olmasında görmür. Onun fikirlərinə görə, hər iki variant məqbul sayıla bilər. Əsas odur ki, funksiyalar yerinə yetirilsin.
Şahanə Rəhimli