“Şəhər şosesinin Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan hissəsində təmir işləri davam etdirilir”
Bu barədə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Modern.az saytına məlumat verib. P.Mürsəliyev bildirib ki, artıq 1,5 km-lik hissədə 3 laydan ibarət asfalt örtük salınaraq, xətlənmə işləri başa çatdırılıb.
“Bundan əlavə, yolun digər sahələrində bardürlərin yenisi ilə əvəzlənməsi, köhnə asfalt-beton örtüyünün layihəyə uyğun olaraq frez mexanizmi vasitəsilə kəsilərək çıxarılması, kommunikasiya xəttlərinin keçdiyi quyuların dəmir - beton piltələrinin və baxış qapaqlarının yenisi ilə əvəzlənməsi işləri aparılır. Təmir işləri qeyd olunduğu kimi, iyul ayının sonu, avqust ayının 15-dək tamamlanacaq. Asfalt yerə döşənərkən təxminən 120 dərəcə istilik olur. Ən azından 25 dərəcəyə qədər soyumadıqda nəqliyyat vasitələrinin hərəkəti yolverilməzdir. Ətraf mühitin tempraturundan asılı olaraq, bu proses üçün 1 sutkaya qədər vaxt tələb edir. Çox təəssüf ki, alternativ yolların göstərilməsinə baxmayaraq, təmir olunan sahədə nəqliyyat vasitələrinin hərəkəti müşahidə olunur”. P.Mürsəliyev həmçinin qeyd edib ki, məhəllədaxili yollardan istifadə etməklə təmir aparılan ərazidə minik avtomobilləri ilə yanaşı, normadan bir neçə dəfə artıq mişar daşı ilə yüklənmiş “KAMAZ” markalı nəqliyyat vasitələrinin hərəkətinə də rast gəlmək mümkündür. “Bu zaman yol örtüyü konstruksiyasında plastik və sürüşmə deformasiyaları yaranır ki, bu da gələcəkdə yolun istismar göstəricilərinə mənfi təsirsiz ötüşmür”.Qeyd edək ki, yol təsərüffat orqanı sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.
|
|
|