Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan əsgəri bu gün tarix yazır. O tarixi ki, düz 30 ildir xalqımız onu gözləyirdi. Qarabağ azadlığa qovuşur.
Öz torpaqlarını işğaldan azad edən əsgər...
Sən çox möhtəşəmsən! Sən çox əzəmətlisən! Sən çox sevimlisən! Sən Vətənsən!
Modern.az tələbə qızların əsgərlərə ürək sözlərini təqdim edir.
Qaradağ Rayon YAP gənclər birliyinin sədr müavini Könül Əhmədova:
“Bu zamana qədər müharibə şəraitində yaşayan ölkə idik. Bu gün isə müharibənin tam ortasında. Filmlərdə izlədiyimiz, əsərlərdə oxuduğumuz müharibə səhnələrini bu gün canlı yaşayırıq. İndi daha çox anlayırıq bu dəhşəti, indi başa düşürük "yol gözləmək" ifadəsi əslində bu gün üçün deyilirmiş.
Gözümüz yolda, qəlbimiz təlatümdə, əlimiz Allahda. Gözləməkdən gözümün çuxura düşdüyünü anamın simasına baxanda görürəm. Sözün əsl mənasında yaşamadan bilmərsən bu hissi... Hər gələn zəngin ürəyimdəki telləri qırdığı, hər gördüyüm yuxunun xeyrə yozulmasını arzuladığım bir zaman çərçivəsində "Mən yaxşıyam, narahat olmayın" cümləsi bir qurtum su içməyə səbəb, yaşamağa ümid olur. Səsimizin tonu, bənizimizin rəngi, qəlbimizin ritmi, ağzımızın dadı - həyatımızda hər şey dəyişib o, cəbhəyə gedəndən..
Bu qədər çətinliyə baxmayaraq fəxr edirəm, Məbudun-qardaşımın bütün ölkəyə yayılan səsini gördükcə "yaxşı ki"deyirəm. Çox arzulayıram, bu dəfə Qarabağda havalanan Onun səsi olsun.
Ümid edirəm, çox umid edirəm ki, hisslərimin sözə çevrilə bilmədiyi bu çətin və ağır günlər tezliklə qələbə xəbəri ilə əvəzlənəcək.O ,evimizə gələcək və hər zaman olduğu kimi dilindən düşməyən musiqiləri ilə evimizi şənləndirəcək”.
BDU jurnalistika fakültəsi 2-ci kurs tələbəsi Adilə Həmzəyeva:
“Fəxrlə burda "Qardaşım cəbhədədir" deyirəm. Yaşadığım hisləri heç bir kəlmə ifadə edə bilməz. Bu savaşdakı hər kəs üçün eyni həyəcan narahatlıq yaşayıram. Mənim də əvəzimə döyüş, şəhidlərimiz üçün vur keç. Yanlız irəli, düşmən arxadan vurar deyə qorxma arxanızda biz varıq! Ürəyim adınızla döyünür. Zəfər xəbərinizi hər an gözləyirik”.
BDU jurnalistika fakültəsi 3-cü kurs tələbəsi Zərintac Məmmədova:
“Ata biz sənə və bütün ordumuza güvənirik. Dualarımız sizinlədir. Sən həmişə güclü və qüvvətli olmusan. Hərbi xidməti şərəflə başa vurmuşdun. Zabit olaraq vəzifəni layiqincə yerinə yetirdin. İndi üstünə düşən məsuliyyət daha böyükdür. Torpaqları geri almaq üçün vuruşursuz. Qələbə inanıram ki, bizim olacaq!”
BDU jurnalistika fakültəsi 3-cü kurs tələbəsi Məhluqə Tağıyeva:
“Bilirsiniz, uşaqlıqdan vətən anlayışı bizə elə aşılanıb ki, gələcəkdə ümumi inancını itirsən də, Vətənə olan o hislərin dəyişə bilmir. Təbii ki də, kimsə müharibə istəməz, sülh halında yaşamaq varkən. Hərçənd ki, müharibə başladı, məncə Azərbaycan əsgəri qələbəsiz geri dönməz. İlk vaxtlarda qorxsam da, hazırda ordumuzun motivasiyası və qalibiyyətləri, davam edən uğurlu siyasət zənnimcə, hər kəsin ürəyinə sərinlik gətirir”.
Bakı Mühəndislik Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsi 2-ci kurs tələbəsi Gövhər Zeynallı:
“Mən ilk gün torpaqlarımızın bir qisminin azad olunduğunu eşitdiyim gün göz yaşlarımı saxlaya bilmədim. Təxmini 30 il davam edən həsrətə son qoyuruq. Və bunu da qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı mərd bir şəkildə mübarizəyə davam edir. Əsgərlərimiz ön cəbhədə döyüşəndə biz də burda bir yumruq kimi onlara dəstək oluruq. Bu dəfə tam başqa olacağına inanıram və əminəmş Qarabağ Azərbaycanındır!”
BDU məzun Ələkbərova Leyla:
“15 iyulda əsgər getdi. Gedənə qədər hər gün deyirdi ki, bircə çağırsaydılar tez gedərdim. 12 iyul Tovuz hadisələri zamanı idi, dedim Cəlil çox pis vaxta düşdün. Ama o sevinirdi ki, əsl döyüş vaxtına düşüb. Fəxrlə yazırdı ki, “2013 cü ildə məktəblilər arası yarışda silah atmada mənlə bir qız təmsil edirdik, şəhər 3-sü, respublika 3-sü olmuşam, silahla aram əladı, istəyirəm ki, gedim döyüşə.”
Demək olar ki, 3 aydı danışmasaq da bilirəm ki, orda nəsə şuluqluq edir, dinc dayanmır. Amma ən sevimli əsgər olduğuna əminəm.
Nə qədər şuluq olsa da həmışə özünü hamıya sevdirib. 5 il onunla eyni ansamblda rəqs etmişik, konsertlərdə oynamışıq. Nə günlər keçirtmişik nə xatirələrimiz var bir yerdə. Yenicə əmi olmuşdu, sevincindən dayana bilmirdi. Son gedəndə Qobustana gedirəm, ordan yəqin ki, Tovuza gedəcəm demişdi. İndi canı, qanı bahasına vətənə qulluq etdiyindən heç bir şübhəm yoxdur. Allah Cəlili birinci ailəsinə, sonra biz dostlarına sağ-salamat qovuşdursun.Sən həmişə bizim fəxrimizsən”.
Azərbaycan Dövlət Rəssamlıq akademiyası sənətşünaslıq fakültəsi 2-ci kurs tələbəsi Şəbnəm Feyzili:
“Mən keçmişimi, bu günümü, sabahımı əsgərlərimizə borcluyam. Əgər hazirda mən evdə rahat otururamsa, bunun səbəbi səngərdə soyug ,qış ,şaxta demədən torpağımızı qoruyan, vətənin keşiyində dayanan igidlərimiz sayəsindədi. Hər bir xəbərdən ürəyim əsir. Keçirdiyim həyəcanı isə sizə anlada bilmərəm. Düzdür, şəhid anasının, atasının, yarının, yaxınlarının yaşadığı üzüntünü anlamaya bilərəm. Amma onlar qədər üzülürəm. Mənfur düşmən öz cəzasını çəkəcəy! Şəhidlərimizin qanı yerdə qalmayacağ! Yaşasın Azərbaycan ordusu! Yaşasın Azərbaycan! Haqq bizən yanadır!”
BDU Sosial İş fakütəsi 1-ci kurs tələbəsi Fidan Kərimli:
“Mən qürur duyuram ki, mənim də qohumum Qarabağın azad edilməsində iştirak edir. O şanslı insanlardan biri də odur. İnsanlar orda olan qohumları ilə, qardaşları ilə, ataları ilə fəxr etməlidirlər. Böyük bir xalq kimi hamımız əsgərlərimizin arxasındayıq. Uşağından tutmuş böyüyünə kimi!”
Azərbaycan Tibb Universiteti, Müalicə-profilaktika fakültəsi 3-cü kurs tələbəsi Nazlı Nağılı:
“Bu günlərdə iki böyük hissi eyni anda yaşayırıq: həm sevinc, həm kədər. Xalq olaraq illərlə gözlədiyimiz xoş xəbərləri alırıq. Bunu isə igid əsgərlərimizə, ön və arxa cəbhə döyüşçülərimizə borcluyuq. Nə qədər sevincli də olsaq bir yanımız cəbhədə onların yanındadır. Gecələri yata bilməyib həm Vətən, həm cəbhədəki yaxınlarımız və əsgərlərimiz üçün dua edirik. Torpaqlarımızın alındığı xəbərin eşitdikcə fəxr edirik qardaşlarımızla. Ama bəzən ölüm haqqında düşünür insan. Elə həmin an yadıma düşür ki, şəhidlərimiz ölümün ən şərəflisini yaşayır. Onlar ən yüksək zirvəyə qalxır, ruhları təkcə yaxınlarının deyil, xalqın qəlbində yaşayır.
Bütün qəlbimiz əsgərlərimizlədir. Əminəm ki, onlar vətənimiz üçün qorxmadan, igidcəsinə vuruşub əllərindən gələni edirlər. Onlara güvənimiz sonsuzdur. İnşallah ki, onlar bizə bütün Qarabağı almaq sevincini də yaşadacaqlar”.
BDU Biologiya fakültəsi, 4-cü kurs tələbəsi Mələk Əfəndiyeva:
“Mənim 20 yaşım var və Qarabağ müharibəsin görməmişdim, amma buna baxmayaraq qəlbimdə o boşluğu daima hiss etmişəm. Azərbaycan əsgəri vətən sənə salam deyir, Qəhramancasına vuruşaraq üç rəngli bayrağımızı işğal olunmuş torpağrımızda dalğalandırdığınız üçün xalqımız sizinlə fəxr edir.
Qarabağ- Şuşa, Qubadlı, Ağdam, Laçın, Zəngilan yolunuzu gözləyir. Yanındayığ Azərbaycan əsgəri! Qələbə bizimdir! Qarabağ Azərbaycanındır!”
BDU Beynəlxalq münasibətlər və iqtisadiyyat fakütəsi 3cü kurs tələbəsi İsmayılova Leyla:
“Bildiyimiz kimi, hal-hazırda müharıbə sadəcə cəbhədə deyil, həmçinin virtual aləmdə də gedir. Necə ki, əsgərlərimiz bizim üçün savaşırsa, biz də eyni şəkildə virtual aləmdə ermənilərin əsassız, heç bir həqiqətə uyğun olmayan verdikləri məlumatları ifşa etməli, onlara lazımi cavab verməli və həqiqətləri dünyaya çatdırmalıyıq. Biz birlikdə güclüyük!”
Koorperasiya universiteti 1-ci kurs tələbəsi Məmmədova Aydan:
“Salam, Əsgər! Allah sizi qorusun! Öz qanınız ilə aldığınız bizim illərdi həsrətində olduğumuz səfalı diyarlarımızdı, biz sizin həmişə arxanızdayığ. Bir Azərbaycan xanımı kimi hər an döyüşə hazıram. Amma Azərbaycan oğulları var olduqca heç bir qadın döyüşə buraxılmaz. Allah sizə kömək olsun. Azərbaycan xalqı sizinlə fəxr edir”.
“Bu illər ərzində 30 ilin ağrı-acısı səngimək bilməyib. Çox canlar qurban vermişik, çox qız-gəlinin, ananın gözü yaşlı qalıb. Amma bütün ağrı-acılarına rəğmən hər zaman qürur hissi keçirdiblər.
Ta qədim zamanlardan indiyə kimi hər dövrdə öz adını həkk etdirən qadın qəhrəmanlarımız da olub. Lakin ordumuzun hazırki vəziyyətinin çox yaxşı olması səbəbi ilə qadınlarımız cəbhəyə qəbul edilmir, əllərindən gələn tək şey dua edib, yol gözləməkdir. Biri övladının, biri ata, qardaşının , biri də sevdiyinin yolunu gözləyir.
Hər an gözləri yolda, qulaqları səsdədir. Hər gələn yeni xəbərlə ürəklərinin ritmi dəyişir, səsləri titrəyir, gözləri dolur. Biz də yol gözləyən xanımların hansı hislər keçirtdikləri ilə bağlı bir yazı hazırlamaq qərarına gəldik və hər xanımın fərqli sözlərdən istifadə etsələr də eyni hislər keçirdiklərinin şahidi olduq.
Biz də Qarabağın Diləfruz anası kimi səngərdə mərdlik göstərmək, neçə-neçə yaralı əsgərimizin yaralarını sarmaq, yardım etmək istərdik. Lakin yaxşı təşkil olunmuş ordumuzun, qeyrətli oğullarımızın buna izni yoxdur.
Bizdə burdan səsimizi duyurmağa, onlara dəstək olmağa və lazım olduğu təqdirdə səngərdə igidlərimizlə çiyin-çiyinə vuruşmağa hazır olduğumuzu bildirməyə çalışdıq.
Lao Szı: “Min kilometrlərlə olan yol sadəcə bir addımla başlayır” deyib.
Ordumuz artıq atdığı addımlarla uğurlar qazanır, hər birimizi qürurlandırır.
Bir Azərbaycan xanımı olaraq belə qardaşlarımız, həyat yoldaşlarımızla fəxr edirik. Hiss edirik, sevincdən gözlərimizin selə dönəcəyi günlər yaxındır.
Səbinə Hüseynli, Abutel İsmayıllı
BDU Jurnalistika fakültəsinin 3-cü kurs tələbələri