Modern.az

Bakı şəhərinin etibarlı su təminatı... varmı?

Bakı şəhərinin etibarlı su təminatı... varmı?

29 İyun 2012, 09:45

“Azərsu” ASC: “Paytaxtın mərkəzi hissələrində xırda problemlər nəzərə alınmamaqla demək olar ki, problem yoxdur” 

“Ümumiyyətlə yay fəslinin gəlməsi ilə əlaqədar insanların suya tələbatını nəzərə alaraq iyun ayından etibarən Bakıya verilən suyun həcmini artırmışıq”. Bu sözləri Modern.az saytına açıqlamasında Azərsu” Açıq Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. “Əgər qışda Bakıya təxminən saniyədə 12.5 kub metr həcmində su verilirdisə, yay aylarında suyun həcmini saniyədə 16.5 kub metrə qədər artmışıq və bununla da stabilliyi yarada bilmişik”, – deyə xidmət rəhbəri bildirib.

A.Cəbrayıllı öz açıqlamasına əlavə edib: “Bu gün Bakı şəhəri 5 mənbədən su ilə təchiz olunur: Şollar su xətti (ona Birinci Bakı Su Kəməri deyilir), İkinci Bakı Su Kəməri, Ceyranbatan su təmizləyici qurğular kompleksi, Kür su təmizləyici qurğular kompleksindən, Oğuz-Qəbələ-Bakı xətti. Bu 5 mənbənin məhsuldarlığı bu gün 21 kub metrə yaxındır. Amma 21 kubmetr suyun hamısı Bakı şəhərinə verilmir. Bu suyun təxminən 16.2 kub metri Bakı şəhərinə, təxminən 1.7 kub metri Sumqayıt şəhərinə, 1.6 kub metri Xırdalan şəhəri və Abşeron rayonun digər kəndlərinə, qalan hissəsi isə rayonlara – Şabran, Siyəzən, Hacıqabula verilir”.

İstilərlə əlaqədar suyun həcminin artırılmasına baxmayaraq, A.Cəbrayıllı Bakının bəzi ərazilərindən şikayətlərin daxil olduğunu qeyd edib. “Bu şikayətlər əsasən Bakının yeni salınmış və ya şəbəkəsi olmayan ətraf kənd və qəsəbələrindən daxil olur. Məsələn, Səbail rayonun 20-ci sahəsi, Sabunçu rayonun bəzi ətraf qəsəbələrindən, Binəqədi rayonun Sulutəpə, Binəqədi qəsəbəsi, müəyyən yaşayış massivlərinin bəzi yerlərindən suyun verilişində təzyiqin aşağı olmasından, suyun az gəlməsindən şikayətlər var. Bu da suyun həcmi ilə deyil, sırf şəbəkənin olmaması ilə bağlıdır. Yəni Sulutəpədə əvvəl 100 ev var idisə və vətəndaşlar tərəfindən bir xətt çəkilmişdisə, bu gün orada artıq 300 ailə yaşayır, amma su borusu böyüməyib, həmin diametrdə qalıb və aydın məsələdir ki, belə balaca boru xətti bu qədər ailəni tələbatı üzrə təmin edə bilməz”.

A.Cəbrayıllı Bakı şəhəri üzrə ətraf kənd və qəsəbələrdə əhalinin su təchizatının yaxşılaşdırılması ilə bağlı layihələr həyata keçirdiklərini vurğulayıb.

”Bu layihələr Bakı şəhərinin ətraf kənd və qəsəbələrinin sosial iqtisadi inkişafına dair Dövlət Proqramında öz əksini tapmış müddəalar üzrədir. Həmin tədbirlər planında “Azərsu ASC-ə 190 obyektdə iş aparılması tapşırılıb və bunun da böyük qismi ətraf kənd və qəsəbələrin payına düşür. Bu kənd və qəsəbələrin artıq bəzilərində işlərə başlamışıq, bəzilərində layihələndirmə işləri başa çatıb, bəzilərində hazırlıq gedir, bəzilərində layihə işləri davam edir”.

Mətbuat katibi qeyd edib ki, suyun təyinata uyğun istifadə olunmaması, israfın çox olması müəyyən problemlər yaradır. “Bu günləri Bakının ətraf kənd və qəsəbələrinin bağ yaşayış massivlərinin, Novxanı, Pirşağıda əhali sudan daha çox bağı suvarmaq üçün istifadə edir. Bu kimi hallar müəyyən problem yaradır. Buna baxmayaraq, Bakı şəhərinin etibarlı su təminatı həyata keçirilir, ötən illərlə müqayisədə əsaslı yaxşılaşma var, şəhərin mərkəzi hissələrində xırda problemlər nəzərə alınmamaqla demək olar ki, problem yoxdur. Kənar hissələrdə olan lokal problemlərin də həlli istiqamətində işlərimizi davam etdiririk” .

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?