Yazı “Deputat-tələbə əməkdaşlığı” layihəsinin “Əsl tələbə necə olmalıdır?" mövzusunda yazılıb
Ali təhsil almaq yolunda addımlayan hər bir kəs tələbə adını qazanır. "Tələbə" sözünün hərfi mənasına uyğun olaraq, tələbələr dörd il müddətində həm tələb etməli, həm də tələb edilənləri yerinə yetirməlidirlər. Tələbələr universitet auditoriyalarında keçirilən dərslərə diqqətlə yanaşmalı, oxumalı və öyrənməli, yorulmadan araşdırmalar aparmalı, mütaliyə etməli və özlərini gələcəkdə yiyələnəcəkləri peşələrə tam şəkildə hazırlamalıdırlar!
Tələbə sözü saydığım mənaları kəsb etsə də, təəssüf ki, bizdə bu sözün anlamı bəzi hallarda dəyişdirilib yanlış başa düşüldüyündən, ilk öncə günümüzdə yaranan tələbə anlayışının insanlara düzgün aşılanmamasıyla əlaqədar olaraq, müəyyən problemlərlə üzləşirik, daha sonra isə "Əsl tələbə necə olmalıdır?" sualı ortaya çıxır. Mənası dəyişdirilmiş tələbə sözü bəzi valideyinlər üçün şöhrət, bəzi müəllimlər üçün maddi gəlir, bəzi gənclər üçün isə hər gün fərqli bir geyim, dərsdən qaçıb dostlarla əylənmək, imtahanlardan bir təhər yaxa qurtarıb ailə qurmaq və ya yüksək gəlirli iş tapmaq üçün gərəkli olan diplom əldə etmək anlamında başa düşülür. "Bu da tələbələr və tələbəlik illəri" deyən kəslər aramızda az deyil. Həqiqətən də, bəziləri üçün qayğısız həyat öz əksini bu illərdə tapırmış...
Mən yanlış atılan addımlar və düzgün olmayan əməllər ilə tələbə sözünün mənasının dəyişdirilməsində günahın yarısını valideynlər və tələbələrdə, digər yarısını isə öz vəzifə borcuna səthi yanaşaraq doxsan dəqiqəni necə keçirəcəyi barədə fikirləşən müəllimlərdə görürəm. Bəli, bir müəllim ki, öz ixtisası fərqli ola-ola, ixtisasına yaxın olan digər fənlərdən də dərs deyirsə, verilən suallara cavab
verə bilmir və dərs vaxtını kitabdan "mühazirə" oxumaqla keçirirsə (hansı ki, bu məlumatları tələbənin özü də kitabdan oxuya bilər), bu zaman tələbələrin dərsə marağı da yox olur və mövcud şərait onları bu şəkildə verilən "ali təhsildən" baş götürüb qaçmağa vadar edir...
Bu gün öz üzərində çalışan, səylə oxuyan və gələcyini düşünən tələbələrin sayı az deyildir... Tələbə adını daşıyan gənclərin özlərinə qarşı qeyri-tələbkarlığı və məsuliyyətsizliyi böyük bir fəlakətdir, hansı ki, bu fəlakəti onlar ən yaxşı halda dörd il boyunca "mahirliklə" gizlədə bilərlər, lakin dörd il sonrasında istəsələr də gizlətmək mümkün olmur! Problemlər həll edilmədikcə çoxalır və zəncir görünüşünü alır. "Tələbə hal-hazırda necədir və əsl tələbə necə olmalıdır?" - bu problem mütləq həll edilməli, bu suala mütləq cavab tapılmalıdır! Bu problem əgər həll edilməmiş qalarsa, zamanı gəldikdə tələbəlik illərini "boş" keçirmiş gənclərə müəllimlik, həkimlik və s. peşələr təklif ediləcək. Bu isə viran qoyulacaq gələcək deməkdir...
"Əsl tələbə necə olmalıdır?" sualına cavabım belədir: ilk öncə, bu gün müstəqillik həyatını yaşayan, inkişaf edərək dünya dövlətləri sırasına qədəm qoyan Azərbaycanın ali təhsil müəsisələrində gələcək ixtisasın sirlərini öyrənən TƏLƏBƏ ilk növbədə, vətən təəssübü çəkən, xalqın qayğıları ilə yaşayan bir VƏTƏNPƏRVƏR OLMALIDIR!
Yalnız Azərbaycançılıq ideyasını qəlbində və beynində daşıyan və bu ideyanın özəlliklərindən daim bəhrələnən gənc vətəndaş, özünün gələcəkdə millətə və dövlətə gərəkli olduğunu dərk edə bilər. Sözün həqiqi mənasında, əsl tələbə vətənpərvərlik hissi ilə yaşayan bir vətəndaş olmalıdır!
İkincisi, TƏLƏBƏ çalışqan, yüksək məsuliyyət hissi ilə yaşayan, öz hüquqları ilə yanaşı öz vəzifələrini də tam dolğunluğu ilə dərk edən təşəbbüskar, bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində yorulmadan səy göstərən bir gənc olmalıdır!
Üçüncüsü, əsl TƏLƏBƏ yüksək insani əxlaqa, yüksək mədəniyyətə malik olmalı, ailə tərbiyəsinin təcəssümünə çevrilməli, qayğıkeşliyi, səmimiliyi ilə fərqlənməli və xalqımızın milli-mənəvi dəyərlərinin daşıyıcısı olmaqla yanaşı, onları gələcək nəsillərə ötürməyi də bacarmalıdır!
İstəyim nədir? Gün o gün olsun ki, "Əsl tələbə necə olmalıdır?" sualına cəmiyyətdə cavab axtarılmasın. Cavab axtarışına ehtiyac duyulmadığına görə...
Sabahın tələbələrinə o günü görmək arzusu ilə...
Aytac Məmmədova
Bakı Slavyan Universiteti
Tərcümə fakultəsinin 1-ci kurs tələbəsi