Asudə vaxt. Jurnalistlər onu necə keçirir? Boş vaxtı nə ilə doldururlar? 24 sat ərzində özlərinə ayırmağa zaman qalırmı?
Modern.az-ın apardığı sorğunun nəticələri ilə tanış olun.
APA-nın baş direktoru Vüsalə Mahirqızı: “Ürəyim istədiyim qədər özümə vaxt ayırmaq mümkün olmur. İl ərzində iki dəfə bir həftə və ya on gün müddətində istirahət etmişəm. Bu müddətdən çox dincələ bilmirik. Amma bu çox az olur. Daha çox bayram ərəfələrinə düşür. Yay aylarında isə APA-da olduğum müddətdə məzuniyyətimdən heç vaxt istifadə etməmişəm. Adətən, bazar günlərimi evdə keçirməyə, qızıma vaxt ayırmağa çalışıram. İşdən sonra evə gedəndə telefonları söndürürəm. Dostlarım çox vaxt buna görə məndən inciyirlər. Kompüterlə gecə saat 2-yə kimi işləyirəm. Çalışıram ailəmlə heç olmasa bir stol ətrafında yemək yeyək və ya onlarla birlikdə bir film seyr edək. Evdə də işləyəndə heç kim məni danışdırmır ki, iş görərkən fikrim yayına bilər. Qızım həmişə şikayət edir. Ona söz vermişəm ki, onunla pizza yeməyə gedək, amma bir aydır ki, gedib çıxa bilmirik. Hətta xaricdə olanda daha çox oteldə qalıram. Harda noutbuk, İpod varsa, mənim orada işim var, otururam işləyirəm. Qızımla həyat yoldaşım gedib gəzirlər. Təbii ki, kifayət qədər vaxt problemim var. Bunlara baxmayaraq, çalışıram ki, ailəm hiss etsin ki, onların həyatında mən varam”.
Publika.az-ın baş redaktoru Elçin Əlibəyli isə çətinliklərə baxmayaraq, vaxtı balanslaşdıra bildiyini, ailəsi ilə keçirməyə zaman tapdığını deyir.
İctimai Televiziyanın aparıcısı Hüsniyə Məhərrəmova da, həmkarı kimi, vaxtı necə istəyir, elə də istifadə edir.
“Ağıllı insan həmişə hər şeyə vaxt tapır. Elə mən də nə istəyirəm, ona da vaxt tapıram. Məsələn, istər geyim, istərsə də ərzaq üçün bazarlıq etməyi xoşlayıram. Buna da vaxtım çatır. Teatra getmək məsələsinə gəlincə, təzə tamaşa olmadığı üçün getmirəm. Yalnız xarici tamaşalar olanda gedirəm”.
Hətta səhhətinə belə ayırmağa vaxt tapmayan “Yeni Musavat“ qəzetinin baş redaktoru Rauf Arifoğlu deyir ki, kim ki, jurnalistlik sevdasına düşür onun nə ailəsinə, nə özünə, nə səhhətinə ayırmağa vaxtı olur.
“Müalicə olunmaq üçün Yesentukiyə getməliyəm. Amma qəzeti buraxıb gedə bilmirəm. Ailəm və uşaqlarım yaşadıqlarımı bilirlər və mənimlə birlikdə yaşayırlar. Ona görə də problem deyil. Və hər zaman dəstək verirlər. Amma hər halda özüm bilirəm ki, uşaqlarımla, ailəmlə zamanımı daha az keçirirəm, nəinki qəzetimlə. Bu baxımdan vaxt mənə bəs etmir”.
“Tez yuxudan duran uduzmaz” – ANS telekanalı aparıcısı Aytən Səfərova belə deyir. Hər gün səhər saat 6-da işə gələn aparıcının vaxtla ciddi bir problemi yoxdur.
“Camaat işə gələndə mən artıq evə gedirəm. Ona görə də vaxt tapa bilirəm. Ən azı qızımı ayda bir-iki dəfə gəzməyə aparmağa vaxtım olur. Əsas işlərimi isə bazar günləri edirəm”.
“Xəzər” telekanalının xəbərlər proqramının müxbiri Yusif Kərimli isə vaxt tapmayanda lazım olan işlərini dostları vasitəsi ilə həyata keçirir.
“Televiziyadakı işlərimə daha çox vaxt ayıra bilirəm, nəinki şəxsi işlərimə. Amma ciddi şəxsi işim də yoxdur ki, yarımçıq da qalsın. Bir təhər vaxt tapıb onu həll edə bilirik. Özümüz də edə bilməsək dostlardan xahiş edirik ki, onlar bizim yerimizdən nəyisə həll etsinlər. Təbii ki, istirahətə qalanda insanların çoxu daha çox yayda istirahət edir. Bizim isə yayda işimiz daha çox olur. Çünki məzuniyyətə gedən yoldaşlarımızın işini aramızda bölüşdürürük. Bu bir az işi ağırlaşdırır. Məzuniyyətimi isə yalnız payızda götürmək istəyirəm. Çünki istirahətimi öz rayonumuzda keçirəcəm. İndi orada qora bişirən istilər var, əlverişli deyil. Dostlarıma gəlincə isə özləri özlərinə vaxt tapsınlar, sonra məndən umsunlar ki, bizə niyə vaxt ayırmırsan. Evdəkilər isə hərdən deyinirlər. Onlara da başa salıram ki, bu iş və işin qaydası belədir”.
Müstəqil jurnalist kimi fəaliyyət göstərən Çingiz Sultansoy isə deyir ki, hamı necə, o da elə.
“Bazarlıq edirəm, gəzməyə də gedirəm, qonaq da qəbul edirəm. Amma bütün bunlar məhdud formada olur. Bəzən vaxt çatmır”.
“Azad Azərbaycan” telekanalının aparıcısı Samirə Mustafayeva vaxt qazanmaq məsələsində anasının və qayınanasının köməyindən əməlli-başlı yararlanır.
“Həm ev işlərində həm də qızıma baxmaqda anam və qaynanam köməklik edir. Ona görə də işdən sonra hər gün yoldaşımla qızımı gəzməyə aparmağa vaxt tapa bilirəm. Yorğun da olsam, bir dənədir deyə, onun üçün hər şey etməyə hazıram ki, onun boşluğunu doldurum. İşimizdə isə bu yeganə peşələrdəndir ki, bayramlar iş başında keçirilir. Amma belə baxanda yük bütün peşələrdə var. İşimiz o qədər sevimlidir ki, ağırlıq hiss etmirsən, əksinə sevinirsən ki, bu gün tamaşaçı üçün nəsə etdim. Şəhəri gəzməyə və bazarlıq etməyə də hətta vaxtım olur. Özü də zövq alıram. Hətta maşınım olsa da, hərdən ictimai nəqliyyatda yol gedirəm”.
“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay da vaxtsızlıqdan şikayət edən qələm əhlindəndir.
“Düzü, xəstələndikdən sonra ev işləri ilə məşğul olmuram. Bu sarıdan korluğum yoxdur. Sadəcə, yaradıcılığıma ayıracaq vaxtım qalmır. Beynimdə ideyalar çoxdur , amma vaxt tapa bilmirəm ki, reallaşdıra bilim. Evdəkilərə vaxt ayırmağa gəlincə isə yəqin ki, narazıdırlar, amma üzümə heç nə demirlər”.
Azərbaycan Televiziyasında “Ovqat” verilişinin aparıcısı Səyyarə Səyyaf hətta bir ayda tamaşaya belə, gedib baxmağa vaxt tapır.
“Məndə vaxt problemi yoxdur. Mən bir ay ərzində bir neçə teatr tamaşaya gedib baxıram. Məsələn, dünən Hüseynbala Mirələmovun “Gəncə qapısı” tamaşasına gedib baxmışam. Uşağımla da tez-tez gəzməyə gedirik. Fikirləşirəm ki, vaxt deyilən məfhum yoxdur. Onu yaradan insanın özüdür. Yetər ki, istək olsun“.
Şahanə Rəhimli