Modern.az

Deputat işğal olunmuş ərazilərə dair qanunun qəbulunu təklif edib

Deputat işğal olunmuş ərazilərə dair qanunun qəbulunu təklif edib

29 İyun 2012, 15:46

“Həm Avropa Şurasında, həm Avropa Parlamentində keçirdiyimiz istər görüşlər, istərsə də müzakirələr zamanı bəzi ölkələrdən olan parlamentarilər Azərbaycanı çox haqsız yerə ittiham edirlər, hətta ölkəmizi borclu çıxarmağa çalışırlar”.

Bu fikirləri parlamentin iyunun 29-da keçirilən növbədənkənar sessiyasının son iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva deyib.

Millət vəkilinin qeyd etdiyinə görə, son illər ərzində Azərbaycanın işğal altında olan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa müxtəlif ölkələrdən istər parlamentarilər, istər siyasətçilər, istərsə də biznes dairələrinin nümayəndələri qeyri-qanuni səfərlər edir, orada qondarma “seçkilərdə” və müxtəlif tədbirlərdə iştirak edirlər:

 “Həmin parlamentarilər, siyasətçilər və biznes adamları bilərəkdən və ya bilməyərəkdən, beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın nəzarətindən kənarda olan həmin ərazilərdə əsassız açıqlamalar, bəyanatlar səsləndirirlər.

Sonra isə Azərbaycan həmin şəxslərlə bağlı öz birmənalı mövqeyini ortaya qoyur və onları arzuolunmaz şəxslər elan edir. Bu da həmin insanların Azərbaycana qarşı haqsız etirazlarına səbəb olur və onlar haqsız yerə etirazlarını bildirirlər ki, nə üçün Azərbaycan tərəfindən arzuolunmaz şəxslər elan ediliblər?!”.

 O xatırladıb ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) zamanı fransalı millət vəkili ilə də bağlı kəskin mübahisə yarandı.

“Həmin şəxs də beynəlxalq hüquq normalarını pozaraq və Azərbaycan tərəfinin rəsmi icazəsini almayaraq, Dağlıq Qarabağa qeyri-qanuni səfər etmişdi.

Təbii ki, biz bu məsələ ilə bağlı bir daha öz mövqeyimizi, Azərbaycanın birmənalı mövqeyini açıqladıq və qeyd etdik ki, kimliyindən asılı olmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş şəxslər arzuolunmaz şəxslər elan olunublar və bundan sonra da elan olunacaqlar”.

Millət vəkili vurğulayıb ki, qarşıdan yenə də həmin ərazilərdə qeyri-qanuni qondarma “seçkilər” gəlir.

 “Odur ki, həmin “seçkiləri” izləmək üçün buraya gəlmək istəyən şəxslərlə bağlı həmin ölkələrin Azərbaycandakı daimi nümayəndələrinə səfirlərinə bir daha çatdırılsın ki, Azərbaycan dövlətinin razılığı olmadan işğal altındakı ərazilərə səfər etmək istəyən şəxslər arzuolunmayan şəxslər elan olunacaqlar”.

 Q.Paşayeva qeyd edib ki, bu günə kimi məsələ ilə daha çox Xarici İşlər Nazirliyi məşğul olur.

 “Ancaq çox yaxşı olardı ki, Azərbaycan parlamenti də bu məsələdə öz sözünü desin, yəni işğal olunmuş ərazilərlə bağlı qanun layihəsi hazırlanaraq, tezliklə parlament müzakirələrinə çıxarılsın və qəbul edilsin.
Burada da birmənalı olaraq qeyd olunsun və göstərilsin ki, əgər kimlərsə beynəlxalq hüquq normalarını tapdalayaraq, Azərbaycan işğal olunmuş ərazilərinə səfər edəcəklərsə, onlar arzuolunmaz şəxslər elan ediləcəklər. Hesab edirəm ki, belə bir qanunun qəbulu ölkəmizin və xalqımızın maraqları baxımından çox əhəmiyyətli olardı”.

Buna cavabında isə spiker Oqtay Əsədov qeyd edib ki, əgər həmin şəxslər beynəlxalq hüquq normalarını açıq-aşkar surətdə pozurlarsa, Azərbaycan tərəfinin bu yöndə hər hansı bir addımı ilə o cür məqamların qarşısını almaq mümkün olmayacaq:

 “Siz beynəlxalq hüquq normalarının pozulmasından danışdınız. Bu adamlar açıq-aşkar şəkildə bunu edirlərsə, hər hansı bir addımımıza baxmayaraq, yenə də bu əməllərindən əl çəkməyəcəklər.
Ancaq hər halda, bununla bağlı addımlarımızı atmaqda davam etməliyik. Hətta lazım gələrsə, adını çəkdiyiniz qanun layihəsi barədə də düşünmək olar”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək