İyunun 25-dən 27-ə qədər olan tarixdə Almaniyanın Münhen şəhərində Corc Marşal mərkəzinin təhlükəsizlik məsələlərinə həsr olunmuş konfransında Azərbaycandan millət vəkili Zahid Oruc və Müdafiə Nazirliyinin təmsilçisi iştirak edib.
Bu barədə Modern.az saytına məlumat verən deputat qeyd edib ki, konfransda söhbətlərin əsas hissəsi NATO xaricində qalan ölkələrin təhlükəsizlik sistemlərinin formalaşması, NATO-nun sonuncu sessiyasında qəbul olunmuş strateji konsepsiyanın müddəaları ilə yeni reallıqların uzlaşdırılması, NATO-nun hərbi qüvvələrinin Əfqanıstandan çıxarılmasına hazırlıq və bunun regional təsislərə təsirinə həsr olunub. O həmçinin qeyd edib ki, konfransda iştirakçılar aparıcılara müxtəlif suallarla müraciət etmək imkanlarında olublar.
“Yəni bilavasitə tədbirin aparılması proseduru belə seçilmişdi. Mən də parlament üzvi kimi bu bölgənin həyatına bağlı bir neçə məsələni öz suallarımda həm şərhlə, həm də bir mövqe ilə sual şəklində ifadə etməyə çalışdım. Ən başlıcası biz NATO-nun “Ağıllı Müdafiə” adlı sonuncu sənədinin, yəni beynəlxalq aləmdə, politoliji ədəbiyyatlarda bu artıq belə də adlanır- Ağıllı Müdafiə, bu sənədin müddəalarının Cənubi Qafqaza necə tətbiq oluna biləcəyi, buradakı Rusiya amilinin və Putinin yenidən hakimiyyətə qayıdışının gələcək nəticələri, büdcənin orduya yönələn vəsaitlərtinin artması fonunda bölgədəki vəziyyət məsələlərini əsasən müzakirə edirdilər”.
Deputat buradakı problemləri bu və ya digər formada öz suallarında ifadə etməyə çalışdıqlarını vurğulayıb.
“Əslində hərbi vəsaitlərin mülki həyata tətbiq olunacağını, olunmasını arzu etdiyimiz, lakin bölgədəki risklərin artması fonunda, xüsusilə Putinin Avrasiyaçılıq, kollektiv təhlükəsizlik müqaviləsinin sıralarını genişkləndirilməsi, NATO-ya qarşı istehkam qurması fonunda bölgədəki vəziyyəti diqqət altına almalarını istədik. Bilirsiniz ki, Corc Marşal mərkəzi NATO-nun beyin institutları, beyin mərkəzlərindən biri funksiyasında çox tanınmış bir beynəlxalq qurum olaraq çıxış edir və bu analitik mərkəzlərin materialları sonradan həmin qurumların rəhbərlərinə də göndərilir və onların fəaliyyətində də nəzərə alınır”.
Aytən ƏLİYEVA