Modern.az

Ziyalılar Forumu məmurlar haqqında çağırış etdi - "Qoy izahat versinlər..."

Ziyalılar Forumu məmurlar haqqında çağırış etdi - "Qoy izahat versinlər..."

29 İyun 2012, 18:46

Bu gün Ziyalılar Forumunun tədbiri keçirilib. Modern.az xəbər verir ki, forumda “Azərbaycanda korrupsiya” mövzusu haqqında söhbətlər aparılıb. Forum tam tərkibdə iclasa toplaşıb. İclasda bir neçə tanınmış sima da qonaq qismində iştirak edib.
İqtisadçı Qubad İbadoğlu, keçmiş deputatlar Nazim Məmmədov və Gültəkin Hacıbəyli, gənc fəal Bəxtiyar Hacıyev, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı mövzu haqqında fikirlərini bildiriblər.
Forumun təsisçilərindən olan, politoloq Eldar Namazov Azərbaycanda korrupsiyanın baş alıb getdiyini deyib. Onun sözlərinə görə, cəmiyyət bunun qarşısını almaq üçün alman cəmiyyəti kimi formalaşmalıdır:

“Korrupsiya o səviyyəyə qalxıb ki, Azərbaycan dövlətçiliyinə qarşı böyük təhlükəyə çevrilib. Bizi maraqlandıran bu problemin başqa bir aspektidir: cəmiyyət və korrupsiya. Cəmiyyət bu ciddi təhlükə ilə bağlı elə bir təpki göstərmir. Biz bu reakasiyanı dəyişməyə çalışırıq, indiki reaksiya çox sadədir. Almaniyada bir prezident bankdan kredit götürüb, 20 ildən sonra biliblər və bunun üstü açılıb. Həmin prezident istefa ərizəsini verib və vəzifədən gedib. Bununla bərabər alman xalqından üzr istəyib. Bunu misal çəkəndə deyirlər ki, hə, bu belədir amma biz alman deyilik. Biz Almaniya deyilik deyəndə nəyi nəzərdə tuturuq?. Bizim məmurlar alman məmurları deyillər. Bizim dövlət institutları və məhkəmələr Almaniyadakı kimi deyil. Bəs biz özümüz cəmiyyətin nümayəndələri, ictimai xadimlər biz də deyəkmi biz alman deyilik? Bizdəmi susmalıyıq? Cəmiyyət olaraq ilk addımı biz atmalıyıq. Deməliyik ki, biz Almaniyadan, İsveçdən, İsveçrədən və başqa inkişaf etmiş Avropa ölkələrindən əksik deyilik. Biz cəmiyyət olaraq özümüzü almanlar, isveçlilər  kimi aparaq. Belə hallar olanda öz prinsipallığımızı ortaya qoyaq”.

Daha sonra E.Namazov Azərbaycan mətbuatında jurnalist araşdırmaları nəticəsində dəhşətli faktlar ortaya çxdığını deyib. O, bildirib ki, bu araşdırmalar nəticəsində 100 milyardlarla dolların mənimsənildiyi aşkarlanıb:

“Onlar bunu gizlədirlər. Korrupsiya ilə mübarizə aparan idarə yaradıblar. Onlar kimləri tuturlar? Haradasa bələdiyyə sədrinin müavinini və s. Biz - Ziyalılar Forumu deməliyik ki, belə bir idarə Azərbaycan cəmiyyətinə lazım deyil. Onun bizə heç bir xeyri yoxdur. Belə bir komissiya gözdən pərdə asmaqdan ötrüdür, başqa bir iş deyil. Biz bunu bilirik və açıq elan edirik. Belə bir komissiya buraxılmalıdır və yeni orqan yaradılmalıdır. Nazirlər və dövlət məmurları haqqında istintaq araşdırmaları göstərir ki, bu sahədə onlar nə qədər cinayət törədirlər”.

E.Namazovun sözlərinə görə, Ziyalılar Forumu və cəmiyyət adından korrupsiya faktlarına dair izahat verilməsi tələb olunmalıdır.
”Bu düzdü, yoxsa yalandı? Yalandırsa, deyin ki, yalandır. Düzdürsə, buna görə cavab verməlisiniz. Cəmiyyət bu məsələdə özünü alman, fransız, isveçli kimi aparmasa, məmurlardan biz nə gözləyəciyik? Onların təsiri altında olan məhkəmələrdən nə gözləyəcəyik?”.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək