Son illər Şəhidlər Xiyabanında əkilən ağaclar şəhidlərimizin məzarına kölgə salmaqla yanaşı, bəzi qəbirləri gizlədib. 2007-ci ildə Şəhidlər xiyabanında aparılan yenidənqurma işləri zamanı burada çoxlu ağac və kollar əkilmişdi. Onlar artıq böyüyüb və məzarlığın görünüşünü dəyişdirib. Amma bu görünüşü yaxşılığa yozmaq mümkün deyil. Çünki vətən və millət yolunda, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhid oğul və qızlarımızın uyuduğu məzarların çoxu yaşıllıqda itib-batır.
Belə ki, buranı ziyarətə gələn şəxslər yalnız 20 Yanvar şəhidlərinin məzarlarını görür və bu məzarlar qarşısında dayanaraq etiramını bildirməklə Şəhidlər Xiyabanını ziyarət etdim qənaətinə gəlmiş olurlar. Qarabağ şəhidlərinin məzarları yaşıllıqla maskalandığından görünməz hala gəlib. Daşın üzü onsuz da soyuqdur. Kortəbii, bəlkə də bilərəkdən kütləvi şəkildə əkilib böyüdülən ağaclar məzarda uyuyan şəhidlərimizi nə Bakı küləyindən, nə də günəş istisindən qorumuş olur.
Şəhidlər xiyabanında ilk dəfn olunanlar 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ hərbi qüvvələri və xüsusi təyinatlılarının Bakıya yeridilməsi nəticəsində həlak olanlardır. Sonralar 1991-1994-cü illərdə Qarabağ müharibəsində şəhid olanların bir qismi də burada dəfn olunub. Və beləliklə Şəhidlər xiyabanı xalqımızın and yerinə, ziyarətgahına çevrilib.
Şəhidlər xiyabanında aparılan yenidənqurma işləri zamanı Qarabağ müharibəsi şəhidlərinin məzarları ətrafında ağac və kolların həddindən çox və sıx əkilməsi bu gün həmin qəbirlərin yaşıllıqda itib-batması ilə nəticələnib.
Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyevdən münasibət öyrənib. Məzarları gizlədən ağacların çıxarılması üçün adiyyatı təşkilatlara müraciət etdiklərini deyən Füzuli Rzaquliyev bununla bağlı bəyanat da verdiklərini vurğulayıb. Qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyəti (BŞHİ) həmin bəyanatı iradla qarşılayıb: “Biz hələ bu ağaclar əkilən ərəfədə, 3-4 il əvvəl BŞİH-ə müraciət etdik. Lakin bunu “abadlıq işləri” ilə əlaqələndirərək əhəmiyyət vermədilər. Mən düşünürəm ki, ağaclar ya səliqəli şəkildə seyrəldilməli, ya da ehtiyac olduqda çıxarılmalıdır. Yoxsa, ağaclarla qəbirlərin görünməz hala gətirilməsi və buna səthi yanaşma şəhidlərimizə qarşı hörmətzizlikdir”.
Məsələyə aydınlıq gətirmək üçün BŞİH-lə də əlaqə saxladıq. “Bakıda onsuz da ağac azdır. Ağacları kəsmək olmaz”-deyə bildirdilər.
Elçin AĞAYEV