İşğalçı Ermənistanın illərdir işğal altında saxladığı torpaqlarımızı düşməndən təmizləyən Azərbaycan ordusuna ölkə xaricindəki soydaşlarımızdan da dəstək gəlir. Xarici ölkələrdə yaşayan azərbaycanlılar Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürməklə bu tarixi günlərdə Vətənin, Azərbaycan hərbçilərinin yanında olduqlarını göstərirlər.
Modern.az xəbər verir ki, belə soydaşlarımızdan biri də Moskvada yaşayan həkim Seymur Əliyevdir. O, Silahlı Qüvvələrə Yardım Fonduna 5 min manat köçürüb.
Əslən Şəmkir rayonundan olan Seymur Etibar oğlu Əliyev Azərbaycan Tibb Universitetini bitirib. Həkimlik fəaliyyətinə Moskvada başlayıb. Hazırda Rusiyanın məşhur plastik cərrahlarındandır. “Ordumuzun düşmənə qarşı apardığı uğurlu əks-hücum əməliyyatlarından çox qürurluyuq. Ürəyimiz Azərbaycandadır” deyir Seymur Əliyev “Cəbhədən gələn xəbərləri hər an izləyirik. Biz də qələbədə kiçik də olsa payımızın olması üçün əlimizdən gələni edirik. Allah xalqımıza yar olsun. Qarabağ Azərbaycandır!”.
Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım FonduAzərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi silahlı qüvvələrimizin müasir tələbələrə uyğun inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların sosial müdafiəsinin təşkilinə
köməkdir.