Azərbaycan Respublikası Milli Məclisinin 4-cü çağırışında təmsil olunan bəzi deputatlar artıq dördüncü beşillikdir ki, deputat səlahiyyətinə malikdirlər. Onlardan bəziləri təqaüd yaşını çoxdan geridə qoyub. Milli Məclisin ən yaşlı deputatı Cəlal Əliyevin isə 84 yaşı var.
Modern.az saytının məlumatına görə, bu gün Cəlal Əliyevin ad günüdür.
Cəlal Əliev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Biologiya elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvüdür.
«İstiqlal» ordeni, «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilib. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifidir.
1948-ci ildən Azərbaycan Dövlət Universitetinin Bitki fiziologiyası kafedrasında laborant işləyib. 1954-cü ildən Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, 1962-ci ildən laboratoriya müdiri vəzifələrində çalışıb. 1971-ci ildən Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, 1976-cı ildən laboratoriya müdiri, şöbə müdiri, 1981-ci ildən Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub. Hazırda Azərbaycan MEA-nın Rəyasət Heyətinin üzvüdür.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Dördüncü beşillikdir ki, Milli Məclisin deputat mandatını daşıyır. 2011-ci il noyabrın 7-də 62 saylı Saatlı seçki dairəsindən dördüncü dəfə Milli Məclisin deputat seçilib. Evlidir 1 övladı var.
Cəlal Əliyev mərhum eks-prezident Heydər Əliyevin qardaşı, hazırki dövlət başçısı İlham Əliyevin əmisidir.
Cəlal Əliyev Milli Məclisin iclaslarında həmişə diqqət mərkəzində olan deputatlardandır. O, müxtəlif vaxtlarda gözlənilməz bəyanatları, kəskin çıxışları, irad və ittihamları ilə yadda qalıb. Son vaxtlar səhhətindəki problemlərlə əlaqədar Milli Məclisin iclaslarının hamısında iştirak edə bilmir.
Modern.az