“Bu il Azərbaycanda yaxşı məhsul olsa da, hava şəraitinin qeyri-sabit keçməsi kənd təsərrüfatına mənfi təsir göstərəcək”. Modern.az saytı xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri İsmət Abbasov deyib.
O qeyd edib ki, Azərbaycanda hava şəraitinin qeyri-sabit keçməsi kənd təsərrüfatına öz mənfi təsirini göstərsə də, bu, qiymət artımında özünü göstərməyəcək.
“Əlbəttə, hava şəraitinin qeyri-sabit keçməsi, leysan yağışları və bəzi yerlərə dolu düşməsi kənd təsərrüfatına öz mənfi təsirini göstərəcək. Taxıl yatır, dən sünbüllərdən ayrılır, nəticədə məhsuldarlıq aşağı düşür. Hava şəraiti normallaşan kimi isə məhsul yığımını sürətləndirmək və tədarükü qısa zamanda planlaşdırmaq lazımdır”.
Nazir hava şəraitinin qeyri-sabit keçməsinin qiymət artıma təsir etməyəcəyini vurğulayıb.
“Çünki bu il Azərbaycanda kənd təsərrüfatında kifayət qədər artım var. Son 5 ayda artım 7,1%-dir və hesab edirəm bu rəqəm ilin sonunadək belə qalacaq. Ona görə də heç bir qiymət artımından söhbət gedə bilməz. Əksinə, siz özünüz də görürsünüz ki, gündən-günə qiymətlər aşağı enir”.
Aytən ƏLİYEVA