Mirhəsən Seyidov və Gülsel Səfərova namizədliklərini geri götürdü
Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) növbəti XII Qurultayını keçirib. Qurultayda ARGTMŞ-ın ötən dövr ərzində gördüyü işlər, tədbirlər haqqında hesabat dinlənilib.
Gənclər və idman naziri Azad Rəhimov öz çıxışında Milli Şuranın çox maraqlı bir təşkilat olduğunu deyib. Nazir Azərbaycan gəncləri haqqında qəbul olunan proqramların gənclərə böyük töhfələr verəcəyini bildirib: “Bu zaman ərzində gənclərə böyük imkan yaranacaq. Bu baxımdan Gənclər Fondu yaradılıb. Bunlar hamısı onun göstərir ki, həqiqətən də Azərbaycan gəncliyi onun gələcəyidir. Xaricdə gələn qonaqlar hər zaman maraqla danışırlar ki, ölkəmizə gəldiklərində ilk olaraq gənclər onları qarşılayır. Gənclərin savadı və gözəlliyi onları valeh edir. Bundan başqa, bir çox gənclər səfir kimi xaricdə Azərbaycanın təbliğatını aparırlar. Gənclər çox geniş fəaliyyət göstərir. Bu baxımdan qəbul olunacaq yeni tərkibə uğurlar arzu edirəm”.
Milli Şuranın keçmiş simalarından olan Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov gənclərin bu illər ərzində gördükləri işi yüksək qiymətləndirib: “Bir vaxtlar təsəvvür edə bilməzdik ki, gənclərimiz dəyəri 10 milyon manatlarla ölçülən proqramları həyata keçirəcəklər. Artıq bu gün belə proqramlar həyata keçirilir. Bu baxımdan Milli Şura Azərbaycan gəncliyində söz sahibi olan yeganə təşkilatdır. Bir çox ölkələr bu təşkilata paxıllıq etdilər. Bunlara baxmayaraq Milli Şura öz fəaliyyətini sürətlə davam etdirir. Oradan çıxan 2 şöbə müdiri, 3 Milli Məclis üzvü bunun bariz nümunəsidir. Bu təşkilat Azərbaycan gəncliyinə və dövlətinə öz töhfəsini verdi”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədri Elşad İskəndərov bildirib ki, bir vaxtlar bu şurada çalışıb. O, burada keçirdiyi illəri ən maraqlı, faydalı, sərfəli illəri adlandırıb:
“Müsəlman ölkələri və potssovet məkanı arasında ilk dəfə Milli Şura Azərbaycanda yaradılıb. Bu baxımdan gənclər daha sürətlə işləməlidir. Gənclik Azərbaycan həqiqətlərini heç kimin bacarmadığı, yeni bir formada dünyaya tanıtmalıdır. Bu yol fədakarlıq yoludur. Bu yolda hər işdən keçmək lazımdır”.
Gənclər və turizm nazirinin müavini İntiqam Babayev Milli Şurada qazandığı uğurlardan danışıb. O, bildirib ki, gənclər Milli Şurada topladığı təcrübəni dövlət işlərinə sərf edirlər: “Bu baxımdan Milli Şura hamımız üçün məktəb olub. Bu məktəb qalmaqdadır və yeni nəsil bunu davam etdirməlidir”.
Şuranın keçmiş sədri, Dünya Türk Gəncləri Birliyinin (DTGB) sədri Əkrəm Abdullayev Fuad Muradova gördüyü işlərə görə təşəkkür edib. Ə. Abdullayev keçmiş sədrin Milli Şura tarixində 8 il olmaqla ən çox sədr qalan üzvü olduğunu deyib: “Fuad Muradov burada çox işlər görüb. Bizlər hansı işdə olmağımızdan asılı olmayaraq, özümüzü hər zaman şurada hiss edirik”.
Daha sonra ARGTMŞ-ın sədri, sədr müavinləri, Büro üzvləri və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) üzvləri səsvermə yolu ilə seçilib. Digər namizədlər Mirhəsən Seyidov və Gülsel Səfərova namizədliklərini geri götürdükləri üçün Şahin Seyidzadə sədr seçilib.
Anar Kəlbiyev