Modern.az

“Diffamasiya haqqında” Qanuna mediada fərqli baxış - Baş redaktorlar danışdılar

“Diffamasiya haqqında” Qanuna mediada fərqli baxış - Baş redaktorlar danışdılar

Media

30 İyun 2012, 15:34

“Bəziləri deyir ki, hələ tezdir”

Bir müddət öncə Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov “Diffamasiya haqqında” Qanun layihəsinin Milli Məclisə təqdim edildiyini bildirmişdi. Onun sözlərinə görə, qanun layihəsinin 2012-ci ilin sonunadək parlamentin müzakirəsinə çıxarılıb qəbul olunacaq. Amma Milli Məclisdən Modern.az-a verilən məlumata görə, belə bir qanun layihəsi parlamentə ümumiyyətlə daxil olmayıb.

“Diffamasiya haqqında” Qanun layihəsinin Milli Məclisə təqdim olunması kimi, bunu da nəzərə almaq gərəkdir ki, özü-özlüyündə MŞ qanunverici təşəbbüs səlahiyyətinə malik deyil.

Bəs baş redaktorlar bu qanun layihəsi haqqında nə düşünür? 

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Modern.az-a açıqlamasında bildirib ki, “Diffamasiya haqqında” Qanun ATƏT-lə Mətbuat Şurasının birgə layihəsidir: “Növbəti il üçün qanun qəbul etmək olar. Cəmiyyət də bu qanunu qəbul etməyə hazırdır. Oxucularda müəyyən mənada buna hazırdır. Bu qanunun qəbuluna hazır olmayan biz jurnalistlərik. Bəzən fərdi maraqlarımıza görə, insanların şərəf və ləyaqətini təhqir edirik”.

Baş redaktorun sözlərinə görə, bu səbəbdən bu qanunun qəbul edilməsindən qorxanlar var. “Bəzilərinə elə gəlir ki, “Diffamasiya haqqında” Qanun qəbul edilsə, təhqirlər başa alıb gedər. Reket jurnalistlərin əl-qolu daha da açılar. Burada müəyyən həqiqət da var”. Deputat-baş redaktor hesab edir ki, Milli Məclisin payız və ya qış sessiyasında bu qanun layihəsini müzakirəyə çıxaracaq.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bu qanun layihəsinə münasibət bildirib. ““Diffamasiya haqqında” Qanunun qəbul olunmasının əsas səbəblərindən biri odur ki, hakimiyyətdə düşünürlər ki, jurnalistlər, ümumiyyətlə jurnalistika sistemi bu qanunun qəbuluna hazır deyil. Bu qanun qəbul olunduğu təqdirdə, artıq böhtanlar, insanların şəxsi həyatına müdaxilələr arta bilər. Bu isə cəmiyyətdə neqativ hallara gətirib çıxaracaq”.

A. Aşırlı qanunun qəbulunun Azərbaycanda jurnalistikanın inkişafına kömək edəcəyini söyləyib. “Bu qanun özü-özlüyündə peşəkarlar üçün özünüsenzura mühiti yaradan bir qanundur. Yəni informasiyanın dəqiqləşdirilməsi, etik ölçülərin gözlənilməsi və digər qaydalara əməl olunması ilə əlaqəli ciddi jurnalistlər məsuliyyət hiss edəcəklər”.

Akif Aşırlı reket jurnalistlərə görə bu qanun layihəsinin qəbul edilməməsini düzgün hesab etmir. “Reket mətbuatını nəzərə alıb qanunun qəbulunu gecikdirmək düzgün deyil”. Baş redaktor “Diffamasiya haqqında” Qanunun qəbul edilməsini Azərbaycanın beynəlxalq imici üçün vacib olduğunu qeyd edib. “Bu baxımdan söz və mətbuat azadlığı ilə bağlı hesabatlarda Azərbaycanın sonuncu sıralarda yerləşməsinin səbəblərindən biri kimi “Diffamasiya haqqında” Qanunun  qəbul olunmamasını göstərirlər”. Akif Aşırlının sözlərinə görə, rəsmilər də müəyyən mənada açıqlama veriblər ki, onlar bu qanunun qəbuluna hazırdırlar. “Sadəcə şərait yetişməyib. Düşünürəm ki, burada mühafizəkarlıq etməyə lüzum yoxdur. Bu qanun qəbul olunsa daha yaxşı olardı”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, “Diffamasiya haqqında” Qanunun ATƏT-lə keçirdiyi müzakirələrdə o da iştirak edib. “Məndə olan məlumatlara görə, bu müzakirələrin davam etməsi gözlənilir. Artıq bir sıra qurumlarda bu istiqamətdə fəaliyyət göstərirlər”. Baş redaktor bu qanunun qəbul edilməsi ilə bağlı  cəmiyyətimizdə müəyyən fikir ayrılıqları olduğunu söyləyib: “Bəzi insanlar hesab edir ki, qanunun qəbulu tezdir. Bir qrup insanlar isə hesab edir ki,  qanunun qəbulu ilə bağlı biz artıq gecikmişik. Yəni cəmiyyətimizdə iki haçalanmış fikir var. Mən düşünürəm ki, əslində hər iki tərəfin arqumentlərində müəyyən obyektiv notlar tapmaq olar”.

E. Mirzəbəyli vurğulayıb ki, əsas məsələ problemin həllidir. “Qanun qəbul ediləcəyi şəraitdə  söz və fikir azadlığından sui-istifadə hallarının qarşısının alınması üçün müvafiq hüquq mexanizmlərinin yaradılmasına ehtiyac var, təbii ki, inzibati üsullarla bu problemin qarşısının almaq mümkün deyil. Bu mexanizmin yaranması isə o qədər çevik olmalıdır ki, yaranmış hər hansı bir problem dərhal, qısa müddətdə aradan qaldırılsın. Çünki informasiya ilə oynamaq olmaz və bunu zamanın öhdəsinə buraxmaq da düzgün deyil”, – deyə baş redaktor bildirib.

“Lent.az” saytının baş redaktoru Qabil Abbasoğlu bu qanun niyə qəbul edilməsinin səbəbini bilmədiyini deyib. “Mən də istərdim ki, bunun əsas səbəblərini nə olduğunu bilim”.

Q. Abbasoğlu bildirib ki, rahat işləmək üçün şərait yaradan qanun layihəsinin qəbul olunmasını istəyir.  “Amma istərdim ki, tezliklə qəbul edilsin. Ümumiyyətlə, jurnalistlərin işini asanlaşdıracaq qanun layihəsinin qəbulunu istəyirəm. O cümlədən “Diffamasiya haqqında” Qanunun qəbulunu”.

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var