Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-də respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvarda orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün mərkəzləşdirilmiş buraxılış imtahanları keçirib.
TQDK-nın mətbuat xidmətindən Modern.az-an verilən məlumata görə, komissiya sədri Məleykə Abbaszadə Salyan, Lənkəran, Astara, Lerik və Masallı rayonlarındakı imtahan mərkəzlərinə baş çəkmiş, buraxılış imtahanlarının gedişini izləyib.
Bildirilib ki, ilkin məlumatlara əsasən müxtəlif binalarda 14 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən başqasının yerinə imtahana girmə, mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilmiş və nəticələri ləğv olunubdur.
Qeyd edək ki, hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
Anar RÜSTƏMOV