Modern.az

Parlamentə ən çox müraciət edən Cəlilabad, Sabirabad, İmişli, Zaqatala və Şəki sakinləridir

Parlamentə ən çox müraciət edən Cəlilabad, Sabirabad, İmişli, Zaqatala və Şəki sakinləridir

Parlament

2 İyul 2012, 10:24

Milli Məclisdə ən çox vətəndaş qəbul edən komitə sədrinin də adı açıqlanıb...

“Vətəndaşlar Milli Məclisə ümumiyyətlə, qanunvericilik məsələləri ilə bağlı müraciət etməlidirlər. Ancaq illər boyu həmişə vətəndaşlar icra sturukturlarının işi, məhkəmə qərarları ilə əlaqədar olaraq Milli Məclisə müraciət edirlər”.

Bu fikirləri Modern.az saytına Milli Məclisin Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri İbrahim Yusifzadə deyib.

O, qeyd edib ki, ayrı-ayrı icra qurumlarının görməli olduğu işləri insanlar Milli Məclisdən istəyirlər: “Milli Məclisin səlahiyyətinə aid olmayan məsələlər üçün burada deputatlara, komitə sədrlərinə müxtəlif şəkildə müraciətlər edirlər. Biz onları səmimi şəkildə qəbul edib, qanunvericilik məsələlərini izah edirik. Çatdırrıq ki, onlar gedib aidiyyatı orqanlarda qəbula düşməlidirlər. Görünür yerlədə hüquq maarifçiliyi məsələsi bir az zəif inkişaf edib. Hansısa vətəndaş torpaq sahəsi almaq üçün Milli Məclisə müraciət edir. Yaxud da işdən çıxarıblar, o işinə bərpa olunmaq üçün məhkəməyə müraciət etməlidir. Məhkəmənin qərarını alandan sonra heç olmasa gəlməlidir Milli Məclisə. Məhkəməyə müraciət etmədən Milli Məclisə gəlir ki, məni işdən çıxarıblar”.

İbrahim Yusifzadə deyir ki, bu il qəbula gələn vətəndaşların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 23, 2 faiz azalıb: “Bu, yerlərdə deputat köməkçilərinin təyin olunması, qəbulun bilavasitə deputatların öz seçiciləri ilə yerlərdə müntəzəm təşkil edilməsi nəticəsində azalıb.
Bizə daxil olan müraciətlər daha çox hüquq mühafizə orqanlarının işi, əhalinin sosial müdafiəsi məsələri, mənzil məsələri, kənd təsərrüfatı və torpaq islahatı, icra hakimiyyəti orqanlarının fəlaiyyəti ilə əlaqədardır. 2012-ci ilin ilk 6 ayında 2200-dən artıq vətəndaş qəbul edilib. Bu qəbula gəlin sözünü şifahi şəkildə çatdıranlardır. Bizə 2312 yazıllı məktub daxil olub”.

Daha çox hansı rayonlardan Milli Məclisə müraciətlərin daxil olmasına gəlincə, şöbə müdiri deyib ki, ən çox müraciət torpaq islahatları ilə əlaqədardır:
“Müxtəlif rayonlardan, xüsusilə əhalisi çox olan rayonlardan, məsələn Cəlilabad, Sabirabad, İmişli, Zaqatala, Şəkidən daha çox müraciət ediblər. Bu da adlarını çəkdiyim yerlərdə baş verən təbii fəlakətlə  bağlıdır.
Ümumiyyətlə, istərdim ki, yerlərdə icra orqanları, ayrı-ayrı sturukturlar, ayrı-ayrı bölmələr vətəndaşları müntəzəm olaraq qəbul etsinlər. Milli Məclisə insanların gəlməsinin bir səbəbi odur ki, bizdə qəbul cədvəl üzrə vaxtında aparılır. Amma mən çox arzulayardım ki, Milli Məclisə qanunvericilik təşəbbüsü ilə, qanunlarda olan boşluqlarla əlaqədar da müraciətlər olsun. Belə müraciət edənlər demək olar ki yoxdur, il ərzində cəmi 5-6 belə müraciət olur. Onlar da nəzərə alınır”.

Milli Məclisdə hansı komitə sədrinin daha çox qəbul keçirdiyinə gəlincə, şöbə müdiri bildirib ki, bu ilin 6 ayı ərzində Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli öz seçicilərindən əlavə 230 vətəndaşı qəbul edib:
“Demək istəyirəm ki, göstərilən zamanda ən çox vətəndaş qəbul edən Hadi Rəcəbli olub. İnsan hüquqları komitəsinin sədri də xeyli görüşlər keçirib. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə 58 nəfər qəbul edib. Milli Məclisin işçiləri tərəfindən 1527-dən çox vətəndaş qəbul edilib. Milli Məclis rəhbərliyi, şöbə müdirləri mütəmadi şəkildə cədvələ uyğun olaraq müntəzəm şəkildə qəbul keçiriblər”.

 Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım