Modern.az

“Danışıqlarda şərtləri Azərbaycan müəyyən edir” - Deputat

“Danışıqlarda şərtləri Azərbaycan müəyyən edir” - Deputat

Aktual

11 Oktyabr 2020, 10:45

“Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşür”.

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat bildirib ki, Xarici İşlər nazirləri səviyyəsində keçirilən görüşün 11 saat davam etməsi danışıqların aparılması prosesinin mürəkkəb olduğunu və gərgin bir şəraitdə keçdiyini göstərir.

 

“Görüşün yekunu olaraq qəbul edilən bəyanatda bəhs olunan hümanitar atəşkəs prosesin birinci mərhələsidir. Əlbəttə, biz hərbi əməliyyatlarda qazandığımız uğurları siyasi və diplomatik müstəvidə də əldə etməliyik. Çünki aydın məsələdir ki, hər bir müharibənin nəticəsi stol arxasında müəyyənləşməlidir. Ona görə də bu proseslər paralel aparılmalıdır ki, əldə edilmiş nailiyyətlər daha da güclənsin.”

 

Deputat qeyd edib ki, bütün bu əməliyyat Azərbaycana qarşı artan siyasi diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Prezident İlham Əliyev bu siyasi təzyiqlərə sinə gəlir, məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırmasının qarşısı alınır. Humanitar atəşkəslə bağlı müxtəlif fikirlər formalaşıb ki, bəziləri bunun nədən ibarət olduğunu anlamır. Nəzərə almalıyıq ki, diplomatiyada səhvə yol verilməsi hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Humanitar atəşkəsə Azərbaycanın birtərəfli qaydada yox deməsi Ermənistanın mövqeyini gücləndirmiş olar. Hər kəs də bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər. Mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Çünki artıq status kvo dəyişilib. Cənab prezidentin də qeyd etdiyi kimi təmas xətti deyilən anlayış yoxdur. Münaqişənin hərbi həlli yoxdur tezisi də darmadağın edilib. 

 

Prezident İlham Əliyev həmişə o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə əzm, qətiyyət prinsipiallıq nümayiş etdirdi. Düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübüt olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu