“Dünən gecə Gəncədə mülki əhalini atəşə tutan cinayətkar Ermənistan insanlarımızda qorxu yaratmağa çalışır. Hətta bu yolla danışıqlar masasında öz mövqelərimizdən geri çəkilməyi hədəf alıblar”.
Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov dünən gecə Gəncədə baş verən erməni təxribatları barədə danışarkən deyib.
Deputat bildirib ki, Ali Baş Komandanın da dediyi kimi biz haqq işimizi görürük və haqq işinin tərəfdarıyıq:
“Öz torpaqlarımızın bir qarışını belə düşmənə verməyəcəyik. Hesab edirəm ki, Gəncədə mülki əhaliyə və mülki obyektlərə hücum edən Ermənistan beynəlxalq təşkilatlar qarşısında cavab verməlidir. Baş verənləri dünyaya çatdırmalıyıq. Bizim mülki əhali ilə işimiz yoxdu. Mülki obyektlərə atəş açmırıq. Biz sadəcə olaraq işğalçını öz torpaqlarımızdan qovuruq. Bilirik ki, orada bir çox terror təşkilatının üzvləri var. Suriyadan, Livandan terrorçuları Qarabağa gətirirlər”.
Parlamentari bildirib ki, Ermənistan humanitar yardım adı altında silah daşınmasını həyata keçirir:
“Bilirik ki, Ermənistan müvəqətti atəşkəsdən vaxt qazanmağa çalışır. Qanunsuz yolla silahlanmağa cəhd edirlər. İşdə sülh çağırışı edən, əməldə atəşkəsi pozan Ermənistan hər vəchlə yeni təxribatlara əl atmağa davam edir. Beynəlxalq təşkilatlar sözdə sülh tərəfdarı olsalar da, əməldə işğalçı dövləti müdafiə etdikləri aydın görünür.
Prezidentin köməkçisi Hikmət Hacıyevin də dediyi kimi, sülh danışıqlarına gedən nazirin ölkəsində Ermənistana silah gətirilirsə, hansı sülhdən danışmaq olar?! Bütün bunların hamısı bir daha onu göstərir ki, Ermənistan heç də həmişəki kimi danışıqlara hazır deyil. Sadəcə bu məqamdan özü üçün vaxt və güc qazanmaq istəyir. Onlar heç zaman öz xislətlərindən əl çəkməyəcəklər. Azərbaycan xalqı erməni xislətini bilir. Ordumuz tam hazır vəziyyətdədir. Onların təxribatlarına cavab olaraq ordumuz lazımi addımları atır”.