Hazırda Azərbaycan Respublikasının müxtəlif ölkələrdə diplomatik korpusları – səfirlik, konsulluq, daimi nümayəndəliyi fəaliyyət göstərir.
Modern.az saytı Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik korpuslarına rəhbərlik edən diplomatlar barəsində silsilə yazılara başlayır. Bu yazılarda səfir, konsul və daimi nümayəndələrimiz barədə qısa məlumat verməyə çalışacağıq.
Beləliklə, Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirini tanıyırsınızmı?
Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı hazırki səfiri Elin Emin oğlu Süleymanovdur. Modern.az-ın məlumatına görə, Elin Süleymanov 14 noyabr 2005-ci ildə Prezident İlham Əliyev tərəfindən fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsiylə Azərbaycan Respublikasının ABŞ-ın Los-Ancels şəhərində yeni açılan Baş Konsulluğuna baş konsul olaraq təyin edilib. 6 il bu vəzifədə çalışan Süleymanov sonradan daha yüksək vəzifəyə təyinat alıb. Belə ki, E.Süleymanov 2011-ci ilin 26 oktyabr tarixində Prezidentin sərəncamı ilə Azərbaycanın Amerikada səfiri təyin edib.
Elin Süleymanov diplomatik xidmətə başlamazdan əvvəl Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda qaçqınlar üzrə ali komissarı, həmçinin Praqada Açıq Media Tədqiqat İnstitutunda çalışıb.
Daha sonra o, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsində baş müşavir, ardınca Vaşinqtonda Azərbaycan səfirliyinin mətbuat işçisi kimi çalışıb.
Elin Süleymanov Amerikada Fletçer Hüquq və Diplomatiya Məktəbinin məzunu olub. Həmçinin Moskva Dovlət Universitetinin Siyasi cografi bölməsini və ABŞ-dakı Toledo Universitetini bitirib. Çoxsaylı məqalələrin müəllidir, Azərbaycan, rus, ingilis və çex dilərini bilir.
Nihadə Eyyubova