İyulun 2-də Azərbaycan Polisi yaranmasının 94-cü ildönümünü qeyd edir. Bu münasibətlə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə DİN-in Kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
Həmin gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisinin peşə bayramına və 2011-2012-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Millət vəkillərinin, nazir müavinlərinin, aidiyyəti xidmət rəislərinin, yerli icra, hüquq-mühafizə orqanları rəhbərlərinin, Olimpiya oyunlarının, dünya çempionatlarının mükafatçıları olan daxili işlər orqanları əməkdaşlarının, məzunların valideynlərinin, ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirdə nazir müavini, polis general-leytenantı Əsgər Ələkbərov şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubova raport verib. Sonra nazir Polis Akademiyasının sıra meydanında təntənəli mərasimlə əlaqədar düzülmüş müəllim və müdavim heyətini əlamətdar hadisələr -Azərbaycan Polisi günü və tədris ilinin buraxılışı münasibətilə təbrik edib, Azərbaycan polisinin 94 il ərzindəki keşməkeşli yolundan danışıb.
R.Usubov bildirib ki, Qarabağ döyüşlərində daxiıi işlər orqanlarının 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 76 nəfər Milli Qəhrəman adına layiq görülüb. Bununla bərabər, müstəqillik illərində cinayətkarlığa qarşı mübarizədə və asayişin qorunmasında 94 əməkdaş həlak olub, 1778 nəfər xəsarət alıb
Nazir bildirib ki, 1994-cü ilin avqusttundan sonrakı dövrdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 24 mindən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Əllərdə qanunsuz saxlanılan 40 mindən çox odlu silah yığılıb və onun tətbiqilə törədilən cinayətlərin sayı 11 dəfə azalıb. Axtarışda olan 80 mindən artıq təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 6 tondan çox narkotik vasitə çıxarılıb.
Əhalinin 100 min nəfərinə nisbətdə Azərbaycanda ağır və xüsusilə ağır cinayətlər, o cümlədən qəsdən adam öldürmə və ona cəhdlər, quldurluqlar, soyğunçuluqlar, oğurluqlar və s. əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır.
R.Usubovun sözlərinə görə, ötən il polis əməkdaşlarından şikayətlərin sayı 2010-cu ilə nisbətən 26 faiz, əsassız saxlamalar 32 faiz, əsassız gətirmələr 46 faiz, əsassız cinayət məsuliyyətinə cəlb etmələr isə 60 faiz azalıbr.
Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev bildirib ki, 2011-2012-ci tədris ilində Polis Akademiyasını əyani fakültə üzrə 124, qiyabi fakültə üzrə 192, ümumilikdə, 314 məzun bitirir.
Tədbirin sonunda daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara - Mətləb Ağagülova, Eldar Qədimova, Şöhrət Hüseynova və Hüseyn Mənsimliyə diplomları və «polis baş leytenantı» xüsusi rütbələrinin paqonlarını təqdim edib.
Akademiyanı fərqlənmə diplomu ilə başa vurmuş Eldar Qədimov yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub.
Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib. Müdavimlər «Azərbaycan Polisi» marşını ifa ediblər.
Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.
Modern.az