Cəlilabad, Sabirabad, İmişli, Zaqatala və Şəkidən seçilmiş millət vəkillərinin izahları
Milli Məclisin Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri İbrahim Yusifzadə Modern.az-a müsahibəsində parlamentə ən çox müraciət edən Cəlilabad, Sabirabad, İmişli, Zaqatala və Şəki sakinlərinin olduğunu bildirib. Açıqlamada qeyd olunub ki, ayrı-ayrı icra qurumlarının görməli olduğu işlərin icrasını insanlar Milli Məclisdən istəyirlər. Adıçəkilən rayonlardan seçilən deputatlar da İ. Yusifzadənin açıqlamasına fikirlərini bildiriblər.
Zaqatala rayonundan seçilən deputat Kamilə Əliyeva siyahıda rayonun adının hallanmasını belə şərh edib:
"Zaqatala rayonun adı ona görə o siyahıya düşüb ki, rayonda zəlzələdən sonrakı müddətdə Milli Məclisə müraciət edənlərin sayı artıb. Rayonda köməkçim var. Bəzi məsələləri ona həvalə edirəm. Amma həm də xoşlayıram ki, özüm şəxsən seçiciləri qəbul edim. Bəzi problemləri yerindəcə həll edirəm. Lazım olanda müəyyən komitələrə, nazirliklərə məktubla müraciət edirəm. Ona görə də mütəmadi olaraq Zaqatala-Balakənə gedirəm, seçicilərlə görüşürəm. Onların problemlərini yerindəcə öyrənirəm. Əgər Bakıda olanlar varsa və mənimlə görüşmək istəyirlərsə, onları Milli Məclisdə qəbul edirəm”.
Deputat onu da vurğulayıb ki, ona olunan müraciətlər müxtəlif səpkili olur. “Bizə daxil olan müraciətlər cürbəcürdür. Mən Yusifzadənin açıqlamasını oxuyanda həqiqətən də ürəyimcə oldu. Milli Məclis qanunverici orqandır, deputatlara qanunvericiliklə bağlı məsələlərlə müraciətlər edilməlidir, amma təəssüflər ki, səlahiyyətimizə aid olmayan məsələlərlə bağlı da müraciətlər daha çox olur. Torpaq, ev, işlə əlaqədar bizə müraciət edirlər. Maddi yardım istəyənlər olur. Bəzən görürsən ki, deyirlər, xəstəmiz var, xaricə aparıb, müalicə etdirmək istəyirik, amma pulumuz yoxdur. Xəstəliklə bağlı olanda Respublika xəstəxanasının baş həkiminə müraciət edirəm, o da sağ olsun kömək edir. O ki qaldı xaricdə müalicəyə, onda mən də, köməkçim də bildiririk ki, bu, bizim səlahiyyətimizdə deyil. Bizim fondumuz yoxdur, axı biz onlara pul ayıraq və deyək ki, gedin, həmin pulla müalicə olunun. Çalışırıq ki, onlara başa salaq ki, vəzifəmiz nədən ibarətdir və biz nələri həll edə bilərik”, – deyə K. Əliyeva qeyd edib.
Sabirabaddan seçilən deputat Rüstəm Xəlilov isə bildirib ki, o, əsasən seçicilərlə rayonda görüşür və sakinlərin problemlərini elə yerindəcə həll edir. “Mən rayonda seçicilərlə görüşüb, yerindəcə müraciətlərə baxıram. İ. Yusifzadənin verdiyi məlumatda da bilmirəm ki, nəyə görə Sabirabad rayonunun da adı çəkilib. Vətəndaşlar qəbula gəlirlər, müraciətlərinə də baxılır. Qanuna uyğun olaraq edilən müraciətlər həll olunur. Mən də aidiyyatı orqanlara müraciət edirəm, deputat sorğusu göndərirəm. Nazirliklərə, baş idarələrə, rayonla bağlıdırsa, rayonlara. Bizə daxil olan müraciətlər müxtəlifdir. İnsanların hərəsi bir cür müraciət edir. Bəzən olur ki, deputat səlahiyyətində olmayan müraciətlər olunur, buna baxmayaraq, çalışıram ki, onları da həll edim. Sel zamanı insanlar çox təşvişə düşmüşdülər və müraciətlər daha çox idi. Prezidentin göstərişi ilə həmin məsələlər də qaydasına qoyuldu, indi sakitlikdir”
Cəlilabaddan seçilən deputat Fəzail İbrahimli isə bildirib ki, ona ediləm müraciətlər aktiv formada olmasa da, amma kifayət qədər müraciətlər olur:
“Parlamentə edilən müraciətlərdən xəbərim yoxdur. Mənə çox müraciətlər olmasa da, amma müraciətlər olur. Həmin müraciət edənlərin də özünəməxsus istəyi var. Ev, torpaq, işlə təmin olunma məsələləri ilə bağlı müraciətlər olunur. Bir var, hüquqları pozulmuş insanlar və biz də onların hüquqlarının bərpa etməyə çalışırıq. Bir də şəxsi istəklər var. Ən maraqlı cəhət odur ki, deputat səlahiyyətinə aid olan məsələlər qeydiyyata götürülür. Və aidiyyatı qurumlara bununla bağlı müraciətlər olunur. Mən rayonda tez-tez görüşlər keçirirəm və çalışıram ki, ordaca vətəndaşların müraciətlərini həll edim. Deputat səlahiyyətinə aid olmayan məsələləri isə kiməsə xahiş edib, insanı müstəvidə kömək etməyə çalışırıq.”
Şəkidən seçilən deputat Əli Məsimli bildirib ki, Milli Məclisin açıqlamalarına əsasən, ən çox müraciət olunan rayonlardan biri də Zaqatala və Şəkidir.
“Zaqatala və Şəkidən daxil olan müraciətlərin sayının çoxluğu onunla izah olunur ki, bu ərazilərdə baş verən zəlzələ müraciət saylarının artmasına səbəb olub. Bu, müəyyən dərəcədə bizim göstəricilərdə də öz əksini tapır. Amma təbii fəlakəti bir kənara qoyanda, deyə bilərəm ki, mənə gələn hər 10 müraciətdən 3-ü Şəkidəndir. Qalan 7-si isə digər regionlardandır. Burada müxtəlif səpkili məsələlər – mülkiyyət, iş, şəxsi problemlərlə bağlı məsələlər var. Mən problemləri deputatın səlahiyyətinə aid olub-olmamasını ayırmıram. Ona görə ki bu məsələləri tənzimləməkdən ötrü yerli icra orqanları, mərkəzi hakimiyyət orqanları, bələdiyyə, o cümlədən parlament, məhkəmə və parlamentin bilavasitə əsas strukturları olan millət vəkilləri öz üzərlərinə düşən məsələləri yerinə yetirməlidirlər. Əlbəttə, bütün problemləri həll etmək olmur, amma problemlərin üzərinə gedəndə müəyyən bir qismini həll etmək olur.”
Nihadə Eyyubova