Modern.az

“21 yaşlı tələbəyə “r” səsini deməyi öyrətmişəm” - Defektoloqla müsahibə

“21 yaşlı tələbəyə “r” səsini deməyi öyrətmişəm” - Defektoloqla müsahibə

3 İyul 2012, 18:26

Defektoloq-loqoped ixtisasına ancaq Pedaqoji Universitetdə yiyələnmək olar

Müsahibimiz Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının baş müəllimi, pedaqoji elmlər namizədi, Azərbaycanda loqopediya üzrə ilk elmi işin müdafiəçisi, defektoloq-loqoped Nailə Hüseynovadır.

– Azərbaycanda nitqi qüsurlu uşaqların sayının artması nə ilə bağlıdır?

– Bu ondan irəli gəlir ki, ölkə müharibə şəraitindədir. Müharibə bölgələrindən olan uşaqların çoxu autizmli (özünə qapanmış) uşaqlardır. Ümumiyyətlə, son zamanlar xüsusi qayğıya ehtiyacı olan uşaqlar çoxalıb. Ailələrdə düzgün olmayan nitq tərbiyəsi verilir. Valideynlərimiz uşaqların  səhv tələffüzünə əvvəldən diqqət yetirmir.

– Nitq qüsurları içərisində ən geniş yayılanları hansıdır?

Ən geniş yayılmış nitq qüsuru dislaliyadır. Bu qüsur məktəbə qədər uşaqlar arasında geniş yayılıb. Bu, səs tələffüzü qüsurudur, yəni uşaqlar müəyyən səs qruplarını tələffüz etmir. Xüsusilə fışıltılı səsləri, habelə “y”,  “r”, “l” və “k”, “d”, “x” kimi damaq samitlərini deyə bilmirlər. Eyni zamanda, uşağın yaş fiziologiyası ilə bağlı olan qüsurlar mövcuddur. Uşaq hansısa səsi tələffüz etmir, ya qarışdırır, ya da əvəzləndirir. Dislaliya düzgün olmayan nitq tərbiyəsidir. Məsələn, ailələrdə uşaq deyir ki, “buvva ver”,  ana da həmin “buvva” sözünü təkrarlayır. Ən yaxşı variant odur ki, uşağa elə körpəlikdən “su” deməyi öyrədəsən. Uşaq sözü, səsi düzgün tələffüz etmirsə, dərhal onu saxlayıb düzgün variantın tələffüzünə alışdırmaq lazımdır.

Bir çox uşaqlar “r” səsini deyə bilmirlər. Bu hal, yəni rotatizm də disaliyanın bir növüdür. Onu loqopedsiz düzəltmək mümkün deyil. Dizarteriya qüsuru isə uşaqlarda sinir toxumalarının düzgün inervasiya olunmaması ilə şərtlənən bir qüsurdur. Bu qüsur üzvü, mərkəzi xarakter daşıyır. Yəni baş-beyin qabığının zədələnməsi nəticəsində əmələ gəlir. Əlamətləri yenə də uşaqlarda tələffüz pozulmalarına, onlarda  nitq hərəkətliyinin zəifliyi ilə müşahidə olunur. Bu zaman uşaqların səsli mimikası donuq formada olur. Çünki yanaq, dil əzələləri zəif işləyir. Dizarteriya daha çox ana bətnində əmələ gələn bir qüsurdur. Uşaq ana bətnində olarkən müxtəlif travmalar alır, baş-beyində qan dövranın pozulması və s. yaradır.

– Bəs aqressiv kompüter oyunlarını oynaması necə, onların nitqlərinin formalaşması ilə bir bağlılığı varmı?

Televiziyamızda olan cizgi filmləri mülayim bir formada olmalıdır. Xüsusən  kompüter oyunları uşağa çox mənfi təsir edir. Kompüter oyunları uşaqların psixikasına böyük təsir göstərir. Çünki oyunlarda vurma, öldürmə, kəsmə mənzərə olaraq uşaqların gözünün qarşısında qalır. Psixikası zəif olan uşaqların hətta gecə yuxularında belə bu özünü əks etdirir və kəkələməyə əsas səbəb olur. Son zamanlarda kəkələmə halları artıb. Bu uşaqların nevroloji vəziyyətləri ilə bağlıdır. Azyaşlıların təxminən 70%-i doğulanda beyin daxili təzyiqlə dünyaya gəlir. Uşaq müəyyən yaş dövrünə çatdıqda nevroloji hallar (qıcıqlanma, əsəbiləşmə) birbaşa onun uşağın nitqinə keçir və kəkələmə yaranır.

– Bəs ailələrdə uşaqların iki dildə danışdırılması onların nitqinə nə dərəcədə təsir göstərir?

– İkidillilik problemi də uşağın nitqində böyük bir problem yaradır. Uşaq beynində hər hansısa ifadəni, hər hansısa sözü tərcümə etmək üçün beynində müxtəlif nitq əməliyyatları aparır, nəticədə beyində tormozlanma gedir. Bu, uşağın təkcə nitqinə yox , həm də psixikasına da təsir göstərir. Həmçinin uşaq üçün nitqin yüklənmə məsələsi var. Uşaq var ki, psixikası da, əsəbləri də möhkəmdir. Hər bir şeyi gözəl qavrayır, qəbul edir. Elə uşaq da var ki, onun nevroloji vəziyyəti zəifdir. Evdə iki dildə: həm Azərbaycan dilində, həm rusca danışırlar. Uşaqlar ilk gündən yüklənməyə başlayır, beyin dözmür. Bu zaman uşaq çaşır. Böyük insan bunu qavrayır. Amma belə vəziyyət uşaq üçün çətinlik yaradır.

Hazırda fərdi məşğul olduğum bir uşaq var. Ondan soruşuram ki, Kamal, necəsən? Deyir: “Nailə xanım, mən çox “xoroşo”yam. Bu iki dilin qarışmasının təsiridir. Bu zaman uşaq hər hansısa sözün seçimində çətinlik çəkir. Bilmir o sözü Azərbaycan, yoxsa rus dilində desin. Bu onun üçün çox böyük problemlər yardır. Bun zaman uşağın nitqi ləngiməyə başlayır.

Uşaqlarda nitq qüsurlarını yaradan səbəblər içərisində dişlərin düzgün quruluşa malik olmamasını göstərmək olarmı?

– Əlbəttə, diş qüsurları da dislaliyanı yaradır. Üst və ya alt çənənin irəli gəlməsi, dişlər qapananda ön dişlərin arasında yaranan boşluqlar və s. fışıltılı səslərin tələffüzündə qüsur yaradır. Bu, diş sıralarının düzgün olmamasından irəli gəlir. Dilaltı pərdənin qısa olması da nitqə təsir edir. “R” səsini uşaqlar bu səbəbdən tələffüz edə bilmir. Dil normal yuxarı qalxmır, çünki qısadır.  Bəzən danışıq var, amma dodaqlarımız tərpənmir və nitqimiz olur monoton. Buna səbəb də uşaqların doğumu zamanı əzələ tonusunun yüksək olmasıdır. Ona görə də masaj və başqa vasitələrlə onlardakı tonus yüksəkliyi götürülməlidir. Dilində tonus olan uşağın dili təbii ki, hərəkət etməyəcək. Uşağa deyirsən, dilini sağa-sola çək, uşaq başını tərpədir, amma dilini tərpədə bilmir. Buna görə də belə uşaqların dillərinin əzələləri masaj edilməlidir.

– İrsi keçən dil qüsurlarını necə müalicə etmək olarmı?

– Hər bir qüsuru müalicə etmək mümkündür. Təbii biz ağır qüsurlardan danışmırıq. Məsələn, kəkələmə valideyndən genetik keçə bilər. Ola bilsin ki, o valideyni də lazım olan vaxtda, məqamda müalicə etməyiblər. Nə olar ki, irsidir, valideyn istəyir ki, uşağı müalicə olunsun. 

 – Son zamanlar Bakının bir çox yerlərində loqopediya ilə məşğul olan mərkəzlər açılıb buna münasibətiniz?

– Ümumiyyətlə, Azərbaycanda əvvəllər valideynə deyəndə ki, uşağın pis danışır, ona loqoped lazımdır, valideyn bilmirdi ki, loqoped kimdir, onu haradan tapmaq lazımdır. Bilin ki, bu ixtisas yalnız Pedaqoji Universitetdə tədris olunur. Amma indi hansısa kursda sertifikat alan da özünü loqoped sayır. Bu adamlar loqopediyanın metodikasını bilmir.

Ən uğurlu müalicəniz hansılar olub?

– Xəstələrim çox olub. Hətta Bakı Dövlət Universitetinin tələbəsi olan 21 yaşlı bir oğlanının nitqinə “r” səsini qoymuşam.

– Müalicələrinizdə zəhmət haqqını nəyə əsasən təyin edirsiniz?

– Saata, dərsə əsasən təyin edirəm. Bunun qüsurun yüngüllüyünə ağırlığına aidiyyəti yoxdur.

Şahanə Rəhimli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir