Modern.az

Mərdəkanla Polşanın Nadajın qəsəbəsi qardaşlaşdı

Mərdəkanla Polşanın Nadajın qəsəbəsi qardaşlaşdı

3 İyul 2012, 11:08

Xəzər rayonu İcra Hakimiyyətinin İnformasiya Təminatı və Təhlil Sektorunun verdiyi məlumata əsasən, 21-27 iyun 2012-ci il tarixlərində Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Polşa Respublikasının Pruşkuv rayonunun Nadajın qəsəbələrinin qardaşlaşması məqsədi ilə Azərbaycandan 9 nəfərlik nümayəndə heyəti Polşaya səfər edib. Xəzər rayonunun icra başçısı Gülağa İslamovun rəhbərlik etdiyi nümayəndə heyəti Nadajın qəsəbəsinə səfər çərçivəsində bir sıra görüşlər keçirib.

Xəzər rayonunu təmsil edən nümayəndə heyəti Nadajın qəsəbəsində yerləşən İoan Pavel II adını daşıyan gimnaziya ilə tanış olub.
Nümayəndə heyətinin rəhbəri Gülağa İslamov gimnaziyada şagird və müəllim heyəti qarşısında çıxışı zamanı Azərbaycanda və Bakı şəhərinin Xəzər rayonunda gedən quruculuq işləri və son illərdə təmir və inşa edilmiş məktəblər haqqında ətraflı məlumat verib.
O, Nadajın qəsəbəsində yerləşən İoan Pavel II adını daşıyan gimnaziya ilə Mərdəkan qəsəbəsində müəyyən ediləcək bir məktəbin əməkdaşlıq etməsi və hər iki tədris ocağının müəllim və şagird heyətinin qarşılıqlı səfərlər etməsi təklifini irəli sürüb.

Azərbaycan nümayəndə heyəti Pruşkuv rayonunda yerləşən bir sıra tarixi memarlıq abidələri və polyak bəstəkar Şopenin ev muzeyi ilə tanış olub.
Nümayəndə heyəti Nadajın qəsəbəsi parlamentinin iclasında iştirak edib. Nadajın qəsəbəsinin meri Yanuş Gjyb çıxış edərək Azərbaycan və Xəzər rayonu haqda iştirakçılara qısa məlumat verib. Xəzər rayonunun icra başçısı Gülağa İslamov isə Nadajın və Mərdəkan qəsəbələrinin qardaşlaşmasının çox sevindirici bir hal olduğunu vurğulayıb. G.İslamov Ermənistanın Azərbaycana qarşı təcavüzü və 20 faiz torpaqlarımızın zəbt olunması nəticəndə bir milyon qaçqının olmasından və onların bir qisminin Xəzər rayonunda məskunlaşmasından danışıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri Varşava şəhərində yerləşən Yakub Yasinski adına 72 saylı liseydə də olub. Görüş çərçivəsində nümayəndə heyəti və lisey rəhbərliyi yaxın gələcəkdə Yakub Yasinski adına 72 saylı tədris ocağı ilə Xəzər rayonunda yerləşən müəyyən olunacaq məktəbin arasında humanitar fənləri tədris edən müəllimlərin mübadiləsinin həyata keçirilməsi razılığı əldə edilib.

Nadajın və Mərdəkan qəsəbələrinin qardaşlaşma prosesi çərçivəsində 25-28 iyul 2012-ci il tarixlərində Yanuş Gjıbın başçılıq etdiyi nümayəndə heyətinin Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsinə cavab səfəri nəzərdə tutulub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək