İtaliya Senatının “Yaşasın İtaliya” partiyasından olan üzvü, senator Mauro Maria Marino Ermənistan hərbi qüvvələrinin humanitar atəşkəsi pozaraq Gəncə şəhərini və oradakı mülki əhalini raket hücumuna məruz qoymasını pisləyən açıqlama verib.
Modern.az-ın xəbərinə görə, italiyan senator bildirib ki, Azərbaycan hərbi hücuma məruz qalmış ölkə olmasına baxmayaraq, atəşkəslə bağlı beynəlxalq ictimaiyyətin çağırışlarını qəbul edib.
“Lakin bundan sonrakı 24 saat ərzində Ermənistan tərəfindən atəşkəsin pozulması bu ölkənin bir daha beynəlxalq hüquqa hörmət etmədiyini sübut edir. 10 oktyabr tarixində Moskvada atəşkəslə bağlı əldə edilmiş razılaşma Ermənistanı Azərbaycan şəhərlərinə kaset bombalarla hücum etməyə həvəsləndirib. Ermənistan silahlı qüvvələri 11 oktyabr gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri olan və təmas xəttindən uzaqda yerləşən Gəncə şəhərinə raket hücumları etmiş, nəticədə 10 nəfər mülki şəxs həlak olmuş və aralarında azyaşlı uşaqlar da olmaqla 34 nəfər yaralanıb”.
İtaliyan senator vurğulayıb ki, İtaliya hökuməti Ermənistanın bu vəhşi və müharibə cinayəti hərəkətlərini qəti şəkildə pisləməli və Ermənistandan mülki əhalini atəşə tutmağı dayandırmasını, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmasını tələb etməlidir.