“Milli Məclisdə Bakı Metropolitenindən istifadə qaydalarının pozulması ilə bağlı qanun hələ qüvvəyə minmədiyi üçün indiyəcən heç kim cərimələnməyib”.
Bu sözləri Modern.az-a Bakı Metropolitenin polis şöbəsinin əməkdaşı deyib. O qeyd edib ki, qanun qüvvəyə minəndən sonra cərimə prosedurasının hansı yolla olacağı müəyyən ediləcək.
“Cərimə də edilə bilər, məhkəməyə də göndərilə bilər”.
Bakı Metropolitenindən istifadə qaydalarının pozulmasına görə 10 manatdan 100 manata kimi cərimə nəzərdə tutulduğunu deyən Metropolitenin mətbuat katibi Nəzakət Tanrıverdiyeva bildirib ki, cərimələrin necə tətbiq olunacağı məlum deyil. O qeyd edib ki, cərimələrdən əlavə müəyyən əsas da olmalıdır.
“Məsələn, Rusiyada metroda nəzarətçilər olur və qaydanı pozanları onlar məhkəməyə göndərirlər. Fransa da isə cəriməni yerində alırlar. Yəni hər ölkənin öz qanunvericiliyi var. , Azərbaycanda bizdə isə qanunda bu göstərilməyib, odur ki, proseduranın necə olacağını bilmirəm”.
Milli Məclis iyunun 29-da İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edib. Qanun layihəsində edilən dəyişiklikdə Bakı Metropoliteni ilə bağlı xüsusi bənd əlavə edilib. Sənədə əsasən metro qatarlarının hərəkətinə mane olan şəxslərə qarşı cərimələrin tətbiq edilməsi qeyd edilib.
Aytən Əliyeva