Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Müsavat başqanının müavini Tofiq Yaqublunun eks-prezident Ayaz Mütəllibova bağlı dediyi tənqi fikirlərə sərt cavab verib. Əlizadə Modern.az-a açıqlamasında T.Yaqublunun səsləndirdiyi fikirləri əsassız hesab edərək, onu tanımadığını bildirib.
“Tofiq Yaqublu? Mən heç onu tanımıram. Birincisi o kimdir məlum deyil, ikincisi Ayaz Mütəllibov Azərbaycanın müstəqilliyini necə istəmirdi ki, müstəqillik aktını o, imzalayıb. Azərbaycanın milli atributları olan bayrağı, gerbi, himni o, qaytarıb. Azərbaycan əlifbasını dəyişib. Ayaz Mütəllibov fəaliyyəti zamanı Azərbaycan naminə çox işlər görüb”, - deyə ASDP sədri vurğulayıb.
T.Yaqublunu yersiz danışmaqda qınayan A.Əlizadə bildirib ki, onun əlindən ancaq kimlər haqqındasa mənasız fikirlər söyləmək gələ bilər:
“Ayaz bəy, Azərbaycan üçün çox şeylər edib. Bəs, Tofiq Yaqublu bu zamana kimi nə iş görüb? Onu-bunu tənqid eləməkdən, mənasız fikirlər söyləməkdən başqa əlindən nə gəlir ki, onun...”
Qeyd edək ki, Müsavat başqanının müavini Tofiq Yaqublu Ayaz Mütəllibovun vətənə qayıtması ilə bağlı məsələyə münasibət bildirərkən eks-prezidenti Azərbaycanın müstəqilliyini istəməməkdə günahlandırıb.
Anar RÜSTƏMOV