ABŞ-da səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Nyu-Yorkda Azərbaycan Assosiasiyasının prezidenti Ercan Yerdelenli və vitse-prezidenti Zəminə Mirhadıyeva ilə görüşüb. Görüş zamanı millət vəkili bildirib ki, dünyanın hər yerində, o cümlədən ABŞ-da, Nyu-Yorkda yaşayan azərbaycanlılar və bütün Türk əsilli insanlarımız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar. ABŞ-da harada doğulmasından asılı olmayaraq minlərlə azərbaycanlının yaşadığını vurğulayan millət vəkili bunun çox böyük bir güc olduğunu və səsimizin Amerika ictimaiyyətinə daha geniş çatdıra bilməyimiz üçün böyük bir potensial olduğunu və səylərin birləşdirilməsinin və gücləndirilməsinin vacibliyini bildirib.
Millət vəkili Qənirə Paşayeva görüş zamanı ABŞ-da yaşayan, dünyanın müxtəlif coğrafiyalarından bu ölkəyə gəlmiş Türk kökənli insanların və onların təşkilatlarının koordinasiya olunmuş şəkildə, bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da artırılmasının vacibliyini də diqqətə çatdırıb. Millət vəkili onlara Daglıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə də ətraflı məlumatlar verib və geniş müzakirələr aparılıb.
Nyu-Yorkda Azərbaycan Assosiasiyasının prezidenti Ercan Yerdelenli və vitse-prezidenti Zəminə Mirhadıyeva bu istiqamətdə səylərinin və gördükləri işlərin getdikcə sürətlənməsini vurğulayaraq görülən işlər, əldə edilən müəyyən nəticələr və nəzərdə tutulan planlar barədə millət vəkilinə məlumatlar verib, ətraflı fikir mübadiləsi aparılıb. Təşkilat rəsmilər və üzvləri Azərbaycan həqiqətlərinin yayılması, Azərbaycan mədəniyyətinin ABŞ cəmiyyətinə daha geniş çatdırılması və təbliği istiqamətində səylərini və gördükləri işləri bundan sonra daha da artıracaqlarını bildiriblər. Onlar millət vəkili ilə görüşdə bu istiqamətdə həyata keçirməyi planlaşdırdıqları layihələr barədə məlumatlar verib, təkliflərini səsləndiriblər və onların həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Görüşdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu da iştirak edib, öz fikir və təkliflərini səsləndirib və rəhbərlik etdiyi qurumun Nyu-York Azərbaycan Assosiasiyası ilə hərtərəfli əməkdaşlığa hazır olduğunu deyib.