Mehman Sadıqov: “Bütün qadın məhbuslar yeni müəssisəyə köçürüləcək”
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqovun Modern.az-a verdiyi məlumata görə, yeni inşa edilən cəzaçəkmə müəssisəsində hər məhkuma beynəlxalq standartlara uyğun olaraq 4 kv.m-dən az olmamaq şərti ilə yer ayrılacaq.
“Hələ ki, Azərbaycanda qadınlar üçün bircə cəzaçəkmə müəssisəsi var. Odur ki, məcburiyyət qarşısında qalaraq onlar bir yerdə saxlanılır. Amma yeni cəzaçəkmə müəssisəsi inşa ediləndən sonra orada rejimlər üzrə ayrıca sahələr olacaq. Hazırda həbsxananın tikintisi gedir. Ona görə də qadın məhbusların neçə yataqxanası olması ilə bağlı danışmaq tezdir. İlk növbədə, cəzaçəkmə müəssisəsi tam hazır olmalıdır. Beynəlxalq normalara və Azərbaycan qanunvericiliyinə uyğun inşa edilən bu müəssisənin tam istifadəyə veriləndən sonra həmin məhkumların neçə yataqxanasının olması və hansı məişət obyektlərinin istifadə olunacağı məlum olacaq. Yeni cəzaçəkmə müəssisəsi istifadəyə veriləndən sonra bütün qadın məhbuslar yeni müəssisəyə köçürüləcək”, – deyə Mehman Sadıqov bildirib.
Ədliyyə orqanlarının inkişafı ilə bağlı 2009-2013-cu illər dövlət proqramında yeni cəzaçəkmə müəssisələrinin tikiləcəyini deyən xidmət səlahiyyətlisi Lənkəran, Şəki, Kürdəmir və Gəncədə yeni cəzaşəkmə müəssisələrinin inşa ediləcəyini bildirdi. Onun sözlərinə görə, həddi-buluğa çatmayan şəxslər üçün də tərbiyə müəssisəsi inşa edilir. Bununla yanaşı, Qaradağ rayonundakı Umbakı qəsəbəsində də yeni həbsxana tikiləcək.
Gültəkin Ələsgər