"Fəzail Ağamalının əleyhinə danışmaq niyyətində deyildim"
Milli Məclisin üzvü Zahid Oruc bir neçə gün bundan öncə İctimai Televiziyada yayımlanan verilişdə səsləndirdiyi fikirlərlə bağlı Modern.az-a açıqlama verib. Millət vəkili çıxışında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə telekanalın baş direktoru İsmayıl Ömərov arasında yaşanan məlum hadisələrlə bağlı fikir söyləmədiyini bildirib. Z.Oruc haqqında mətbuatda yazılanları doğru hesab etmədiyini vurğulayıb:
“İctimai Televiziyada yayımlanan verilişdə hansı mövqenin olduğu mənə bəlli deyildi. Mən sadəcə öz düşüncələrimi azad olaraq bildirmişdim. Biz həmin verilişdə İctimai Televiziya ilə bağlı fikirlərimizi bildirmişdik. Qeyd edim ki, mənim oradakı çıxışım, söylədiyim fikirlər partiya rəhbərliyinin mövqeyinə münasibət deyildi. Fəzail bəyin əleyhinə fikir söyləmək niyyətində olmamışam. Sadəcə özəl düşüncələrimi bölüşmüşəm, kiminsə fikirlərinə münasibət bildirməmişəm”.
Deputat daha sonra onun Ana Vətən Partiyasınnın sıralarından uzaqlaşdırılıacağı haqda yayılan xəbərlərə münasibət bildirib. Z.Oruc məsələdən xəbərsiz olduğunu qeyd edərək, onun partiya ilə bağlı xüsusi planlarının olmadığını bildirib.
“Bu haqda mənim heç bir məlumatım yoxdur. Partiyadan çıxarılmağıma heç bir əsas da görümürəm. İTV-də çıxışımdan sonra partiya sədri ilə danışmışdıq. Xüsusi olaraq narazılıq yox idi. Hər hansı fikrimə görə, partiyadan çıxarılmamdan söhbət gedirsə, buyursunlar. Mənim üçün heç bir problem yoxdur. Bu zamana kimi partiya sıralarında fəal iştirak etmişəm. Hesab edirəm ki, özəl partiya üzvlüyündən daha çox önəmli olan məsələ dövlətimizə sədaqətlə xidmət etməkdir. İstənilən insanın yolu açıqdır. Hər kəs öz qərarını fərdi olaraq verə bilər. Mən hər zaman bildirmişəm ki, partiya daxilində mənim xüsusi planlarım olmayıb. Harada olmağımızdan asılı olmayaraq, üzərimizə düşən vəzifələri yerinə yetirməliyik.
Mən səmimi olaraq qeyd edim ki, lider olaraq tanıdığım qüvvə yalnız ölkə prezidenti İlham Əliyevdir. Bu zamana kimi də fəaliyyətim boyu bu ideyaya xidmət etməyə çalışmışam. Bu konteksdə hansısa partiyada olmaq o qədər də önəmli deyil”, - deyə Z.Oruc qeyd edib.
Xatırladaq ki, bir neçə gün bundan öncə İctimai Televiziyanın rəhbəri İsmayıl Ömərovla millət vəkili Fəzail Ağamalı arasında qalmaqal yaranıb. Belə ki, deputat Milli Məclisdə çıxışı zamanı İ.Ömərov haqda fikir söyləyərək onu telekanalda diktatorluq qurmaqda ittiham edib. İ.Ömərov isə ona sərt cavab verib.
Anar RÜSTƏMOV