Milli Məclisin üzvləri ATƏT-in Parlament Assambleyasının XXI yay sessiyasında iştirak etmək üçün Monako Knyazlığının Monako-Vill şəhərinə səfər edəcəklər. Bunu Modern.az-a açıqlamasında Aqrar siyasət komitəsinin sədri, deputat Eldar İbrahimov deyib.
E.İbrahimovun sözlərinə görə, ATƏT-in Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətini rəhbər Bahar Muradovanın başçılığı ilə o, Rəbiyyət Aslanova, Fəttah Heydərov, Ağalar Vəliyev və Azay Quliyev təmsil edəcək.
“Sessiya 5-9 iyul Monakoda keçiriləcək. Qrup tam heyətdə altı nəfər ilə iştirak edəcək. Sessiyada bir çox mövzular müzakirə olunacaq. Daimi komitənin iclasında 2014-cü ildə ATƏT-in Parlament Assambleyasının (PA) belə böyük bir yay sessiyasının Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Bu məsələ Daimi komitənin gündəliyində var və çox gümanki təsdiq olunacaq.
Bundan başqa Ukraynanın sabiq baş naziri Yuliya Timaşenko əlaqədar məsələ var. Başqa bir çox məsələlər müzakirə olunacaq. Azərbaycanla əlaqədar elə bir müzakirəlik məsələ gözlənilmir. Siyasi məsələlər və təhlükəsizlik komitəsində Bahar Muradova, İnsan haqqları ilə bağlı Rəbiyyət Aslanova çıxış edəcək. Mövzularla əlaqədar çıxışlar olacaq. Daha dəqiq orada bilinəcək. Görək ki, hansı mövzular olur və onlarla bağlı biz də öz münasibətimizi bildirəcəyik”.
Anar Kəlbiyev